Cəmiyyət 

Psixoterapevt: Valideynlər özlərinin gerçəkləşdirə bilmədikləri arzularını övladlarından gözləməməlidirlər

Valideynlər övladlarına şəxsiyyət olaraq yanaşmalıdırlar. Övlad valideynin deyil, öz taleyini yaşamalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirib.

Onun sözlərinə görə, övladın gələcəkdə ilk olaraq özünə, daha sonra başqalarına faydalı olması üçün psixi sağlamlığı vacibdir: “Ailədə psixoloji mühitin sağlam olması övladın tərbiyəsində böyük rol oynayır. Övladların öz arzularının arxasınca getmələri üçün valideynlər dəstək olmalıdırlar. Valideynlər özlərinin gerçəkləşdirə bilmədikləri arzularını övladlarından gözləməməlidirlər. Öz arzularını reallaşdırmayan insanlar hər zaman psixoloji halın nizamsızlığını yaşayırlar. Onlar özlərinin deyil, valideynlərinin taleyini yaşayırlar. Valideynlər özlərinə qarşı aqressiya yaratmamalıdırlar. Övladın gələcək iş həyatında stres faktoru formalaşdırmaq olmaz. İnsan sevmədiyi işdə bacarıqlı ola bilməz, bacarmadığı işdə uğurlu ola bilməz, uğurlu olmadığı işdə isə xoşbəxt ola bilməz. Xoşbəxt olmaq üçün insan sevdiyi və bacardığı işlə məşğul olmalıdır. Valideynlərin istəyi ilə özünə həyat quran şəxslər bundan məhrum olurlar”.

Psixoterapevt qeyd edib ki, insan uzun müddət istəmədiyi əmək fəaliyyəti ilə məşğul olarsa, onda qeyri-adekvat davranışlar formalaşacaq: “Psixi pozuntuların yaranma səbəblərindən başlıcası stresdir. Valideynlər övladların həyatında stres rolunu oynamamalıdırlar. İnsanın öz seçimi doğru olmaya bilər, amma düzgün istiqamətdir. İnsan səhvləri ilə böyüyür və səhvləri onu güclü edir. Ən yaxşı müəllimlər səhvlərdir. Həyatdan dərs çıxarmaq üçün insan öz seçimlərinin məsuliyyətini daşımalıdır. Başqalarının seçimi şəxsdə məsuliyyət anlayışını formalaşdırmır. Çalışdığı sahə ilə emosional bağlılığı olmur. Məqsədsiz həyat insan psixikasında sağlam mövqe yarada bilməz. İnsan yaşamaqdan soyumamalıdır. Sevmədiyi əmək fəaliyyəti ilə məşğul olan insanlarda məqsəd olmur. Həmin şəxslər depressiya halı yaşayırlar, davamlı stres keçirdikləri üçün müxtəlif psixi pozuntular ortaya çıxır. Valideynlər özlərinin gerçəkləşdirə bilmədikləri arzularını övladlarında reallaşdırmaq istəyəndə, onlarda özünə qapanma, inamsızlıq, ümidsizlik və aqressiya kimi psixoloji pozuntu hallarının başlanğıc nöqtəsini qoymuş olurlar. Məcbur və ya təhrik edərək sağlam gələcək inşa etmək olmaz”.

R.Nəcəfov sonda bildirib ki, şəxsin öz seçimləri onu şəxsiyyət edir.

Daha çox xəbərlər