Cəmiyyət 

Psixoloq: Anasız uşaq şəxsiyyət kimi formalaşmaqda çətinlik çəkir, atasız uşaq isə assosial olur

Boşanmaq mədəniyyətdir. Boşanmaq istəyən tərəflər anlamalıdırlar ki, uşaqlar yaranmış mübahisədən kənar olmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov söyləyib.

Onun sözlərinə görə, tərəflər arasındakı münasibəti uşaqlar nizamlaya bilməzlər: “Uşaqları şəxsi münasibətlərdə tərəf kimi istifadə etmək olmaz. Uşaqların yaş kateqoriyalarına uyğun davranış sərgilənməlidir. Ehtiyac yarandığı halda psixoloqlardan dəstək alınmalıdır. Tərəflər psixoloji konsultasiya alaraq, uşaqları ilə davranmağı tənzimləməlidirlər. Uşaqlardan boşanma prosesində istifadə edənlər onlarda travma yaradırlar. Boşandıqdan sonra qeyri-sağlam münasibətlər formalaşdıran valideynlər uşaqları gələcəkdə psixi pozuntulara təhrik etmiş olurlar. Ailə qurmamışdan öncə cütlüklərin psixoloji uyğunluğunun dəyərləndirilməsi yaranacaq problemlərə qarşı immunitet formalaşdırmış olacaq. Evlilikdən əvvəl psixoloji konsultasiya almaq qabaqlayıcı təlim kimi qiymətləndirilir. Boşanma prosesi və sonrasında psixoloji konsultasiyanın aparılması uşaqların düşüncəsində hadisəni müsbət hal kimi formalaşdıracaq. Sivil qaydada boşanmaq uşaqların psixikasında nizamı pozmayacaq”.

Psixoterapevt qeyd edib ki, boşandıqdan sonra mübahisəli valideynlərin övladları müxtəlif psixoloji narahatlıqlar keçirirlər: “Hadisələr gələcəkdə stres, təşviş, qayğı problemləri, aqressiya, asılılıqlar və şəxsiyyət pozuntularının yaranmasının mənbəyinə çevrilir. Boşanmış tərəflər uşaqlarının müxtəlif yaşlarda yaranacaq problemlərinə hazır olmalıdırlar. Uşaqların taleyi ilə bağlı tərəflər məsuliyyətli davranmalıdırlar. Psixoloji pozuntuların yaranmaması üçün münasibətlər sağlam tənzimlənməlidir. Uşaqların yeniyetməlik dövründə valideynlər diqqətli olmalıdırlar. Valideynin bir-birinə qarşı mövqeyi uşağı hədəfə çevirməməlidir. Uşağa olan sevgi əskik olmamalıdır. Uşaqlar görməlidirlər ki, valideynlərinin ayrı olması onlara olan sevgini azaltmayıb. Müəyyən məsələlərdə bir araya gəlib problemin həlli istiqamətində birlikdə addım atırlar. Sağlam münasibət görən uşaqlar başqaları ilə münasibətlərində də sağlam mövqedə olurlar”.

R.Nəcəfov bildirib ki, anasız uşaq şəxsiyyət kimi formalaşmaqda çətinlik çəkir, atasız uşaq isə assosial olur: “Əsas odur ki, valideynlər övladlarının həyatında rollarını düzgün ifadə etsinlər. Valideynlər övladlarının deyil, övladlar valideynlərinin seçimidirlər”.

Daha çox xəbərlər