Güclü Azərbaycan həmişə əsas hədəf olub
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı Azərbaycanın dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Dövlətimizin başçısı ölkəmizin qarşısında dayanan vəzifələri açıqladı.
Tarixi Zəfərimiz, onun yaratdığı reallıqlar əsas diqqət göstərilən məsələdir. Bu Zəfər malik olduğumuz imkanların təqdimatı oldu. “Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoydu və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik.
Qarşıda dayanan hədəflər sırasında hərbi gücümüzün artırılması bir nömrəli vəzifə kimi qeyd edildi. Prezident bildirdi ki, baxmayaraq İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Komando Qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.
Güclü Azərbaycan hər zaman əsas hədəfimiz oldu. Dövlət başçısı bu reallığı da daim əsaslı şəkildə diqqətə çatdırır ki, əgər güclü Azərbaycan qurmasaydıq, kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.
Qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. 300-dən çox şəhər və kənd azad olundu. O cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edildi. Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayır, qurub-yaradırıq.
Tarixi Zəfərimiz növbəti qələbələrə yol açdı. Belə ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, hərbi təxribatlarını, mina terrorunu davam etdirməsi 2023-cü il sentyabrın 19-20-də Silahlı Qüvvələrimizin bir günlük lokal antiterror tədbirləri həyata keçirməsini qaçılmaz etdi. Belə ki, bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələr Azərbaycan ərazisindən çıxarıldı.
Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı Azərbaycan oldu. Beş məlum prinsipin də müəllifi ölkəmiz oldu. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ermənistan isə tərəddüdləri ilə diqqətdədir. Dövlət başçısı yeddinci çağırış Milli Məclisin ilk iclasında onu da bildirdi ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi: “Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil”.