Əsas səhifə 

Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir

Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında ölkəmizin qarşısında dayanan vəzifələri açıqlayarkən bu çağırışı səsləndirdi ki, Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir

Azərbaycan bu gün tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyini tam bərpa edilməsinin yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında bu reallıq önə çəkilir ki, biz arxayınlaşmamalıyıq. Cənab İlham Əliyev bu günlərdə VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirdi ki, ölkə qarşısında böyük vəzifələr durur. İlk növbədə, vəzifəmiz Qarabağı və Şərqi Zəngəzuru bərpa etməkdir. Ancaq əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmasına baxmayaraq cənab İlham Əliyev postmünaqişə dövrünün hədəflərindən bəhs edərkən ordumuzun daha da gücləndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Dövlət büdcəsindən ayırmalarda da azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ilə yanaşı, hərbi gücümüzün artırılmasının vacibliyi önə çəkilərək bu istiqamətlərdə vəsaitlər ayrılır.

Ümumilikdə tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın hərbi gücünün təqdimatında öz sözünü deyir. Müharibə şəraitində yaşayan ölkə olaraq hər zaman ordu quruculuğuna xüsusi diqqət göstərən Azərbaycanın ən yüksək tribunalardan hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində hərb yolunu istisna etməməsi də məhz Silahlı Qüvvələrimizin gücünə, onların üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək bacarığına əminlikdən irəli gəlirdi. Şanlı Qələbəmizin dünyaya təqdimatında mühüm rol oynayan Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu çağırışını bir daha yada salmaq istərdik: «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.»

Azərbaycan Ordusu Azadlıq meydanına qalib ölkənin qalib Ordusu kimi daxil oldu. Eyni zamanda, həmin paradda Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikası nümayiş olunaraq bir daha ermənilərin və onlara havadarlıq edən dövlətlərin illərdir yaratdıqları «məğlubedilməz erməni ordusu» mifi darmadağın edildi. Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb. Hakimiyyətə qayıtmaqla bütün sahələrdə inkişafa yol açan, ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən Ümummilli Lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq, ədalətin bərpası, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük, maraq doğurmasıdır.

Dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO ilə ölkəmizin əməkdaşlığı yüksək səviyyədədir. Hadisələrin gedişinə diqqət yetirsək görərik ki, əvvəllər Qarabağ münaqişəsinə seyrçi mövqedə dayanmağa daha çox üstünlük verən NATO illər keçdikcə mövqeyində dəyişiklik etdi. Belə ki, qurumun son sammitlərində münaqişə ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə xidmət edən qərar və qətnamələrin qəbul edilməsi artıq NATO-nun həqiqətləri olduğu kimi dəyərləndirməkdə maraqlı olduğunu ortaya qoydu. NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Qarabağla əlaqədar məsələnin müzakirəsi, bəyanatların qəbulu, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə dəstəyin və etimadın göstəricisi idi. 1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə əməkdaşlıq edən ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirən Azərbaycan Alyansın bütün tədbirlərində iştirak edərək ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanıb. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarında söylənilən fikirlər sübut edir ki, Azərbaycan bölgənin ən güclü ordusuna malikdir.

İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və əməkdaşlığının böyük potensialı vardır.

Azərbaycanın «ADEX» Beynəlxalq Müdafiə sərgilərinə ev sahibliyi etməsi də bu sahədə zəngin təcrübəyə, böyük potensiala malik olmasını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış oldu. İlk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını, əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib. Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır. “ADEX” dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır.Builki yubiley sərgisində dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak etdi. “ADEX” və “Securex Caspian” sərgiləri iştirakçılar, ziyarətçilər və müxtəlif ölkələrdən gələn ekspertlər arasında təcrübə mübadiləsi aparmaq, həmçinin məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Builki sərgilərin əvvəlkilərdən fərqi daha çox ölkədən şirkət və nümayəndə heyətinin qatılmasıdır. İştirakçı ölkələrin sayının getdikcə artması isə bu sərgilərin bir çox dövlətin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiqləyir. Cənab İlham Əliyev sərginin iştirakçılarına ünvanladığı müraciətdə də bu məqamlara xüsusi diqqət yönəltdi. «Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir» söyləyən cənab İlham Əliyev bildirdi ki, son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olundu. Qeyd etdiyimiz kimi, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.

Onu da qeyd edək ki, bölgədə sülh və təhlükəsizliyin təminatında xüsusi yeri olan Azərbaycanla Türkiyə arasında hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkə arasında imzalanan «Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə»dən sonra əlaqələrin yeni istiqamətlər üzrə davamının nəticəsidir ki, qardaş ölkədə hərbi sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. «Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında» müqavilə və «Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması» çərçivəsində görülən işlər, hərbi təhsil sahəsindəki əməkdaşlıq ölkəmizin müdafiə qüdrətini gücləndirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması təmin edilir. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. «Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında»” müqaviləyə əsasən atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrin, onların ehtiyat hissələrinin idxalı ilə bağlı layihələrin qarşılıqlı həyata keçirilməsi hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları səviyyəsində modernləşdirilməsinə kömək göstərir. Ölkələrarası hərbi əməkdaşlığın dərinləşməsi hər iki dövlətin milli maraqlarından irəli gəlir və perspektiv planlar qarşılıqlı əlaqələr sayəsində həyata keçirilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin qardaş ölkənin eyni profilli müəssisələri ilə əməkdaşlığı da ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.

Şuşanın şahidliyi ilə iki dost, qardaş ölkə arasında imzalanan Müttəfiqlik Bəyannaməsində hərbi əməkdaşlığın möhkəmlənməsinə də xüsusi diqqət göstərilib. Qeyd edilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verir. Prezident İlham Əliyevin «Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi Türkiyəni gücləndirir, ölkənin təhlükəsizliyini təmin edir. Azərbaycanda «Bayraktar» Mərkəzinin yaradılması isə iki ölkənin müdafiə qüdrətini daha da gücləndirəcəkdir» fikirləri hərbi sahədə həyata keçiriləcək layihələrin davamlı olacağından xəbər verir.

Reallıq budur ki, Azərbaycan 30 ilə yaxın işğal dövründə hər bir baxımdan gücləndi. Ölkəmizin 44 günlük Vətən müharibəsində döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində üstünlüyü də bu kimi məqamlara işıq saldı. Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində qəlbəmizi təmin etdi. Təcavüzkar dövlət işğal etdiyi torpaqlarımızda istehkamlar qurmaqla, ən müasir silahlarla təchiz edilməklə açıq-aşkar ərazilərimizi geri qaytarmaq fikrində olmadığını təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə bunun şahidi olduq. Lakin güclü Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında tab gətirməyəcək hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. İkinci Qarabağ müharibəsi bugünədək münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd edib, Ermənistana vaxt uzatmağa çalışan dövlətlərin məqsədlərinin nədən ibarət olduğunu açıqladı. İşğalçı dövlətin bu illər ərzində himayədarları tərəfindən necə silahlandırıldıqları 44 günlük Vətən müharibəsində aydın oldu. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikalara, silah-sursatlara diqqət yetirsək, onların qiymətinin adi rəqəmlərlə ifadə olunmadığı işğalçını silahlandıran dövlətin maraqlarına işıq salır. Cənab İlham Əliyev bütün müsahibələrində, xalqa müraciətlərində bu silahları Ermənistana kimlər verdiyinə açıqlama istədi. Çünki onların məbləği kasıb ölkənin almaq imkanlarının mümkünsüzlüyünü qabarıq şəkildə ortaya qoyur. Erməni diasporunun ianələri hesabına dövlət büdcəsini formalaşdıran bir ölkənin böyük məbləğ tələb edən silahla, hərbi texnika ilə təchiz olunması maraq doğurmaya bilməzdi. Cənab İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi və müəllim, tələbə heyəti ilə görüşündə də Azərbaycanın hərbi gücünə və hazırda artırılması istiqamətində atılan addımlara diqqəti yönəltdi. Vurğulandı ki, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Bu reallıq da diqqətə çatdırıldı ki, bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir.

Təbii ki, əsas çağırış budur ki, cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Dövlətimizin başçısı bildirdi: «Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.»

Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. Hərbi gücümüz artacaq. Tarixi Zəfərimizdən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlandı. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Cənab İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı hər bir sahədə, o cümlədən hərbi sahədə hədəflərin təqdimatı oldu. Bildirdi ki, yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrıldı və gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib. Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Xarici mənbələrdən daha az asılı olmalıyıq.

Tarixi Zəfərimizdən ötən 4 il Azərbaycanın həyatında bütün sahələrdə, o cümlədən ordu qurculuğunda mühüm yeniliklərlə tariximizə yazıldı. Hərbi gücümüzü böyük dərəcədə artdı, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bu çağırışı edir ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.

Yeganə Əliyeva, «İki sahil»

Daha çox xəbərlər