Aİ-nin müşahidə missiyası Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ – Sərhəddə təxribat PLANI
Analitiklərə görə, Qərb və Ermənistan təxribatçı “müşahidə əməliyyatı” ilə şərti sərhədə NATO missiyasını yerləşdirmək üçün eskalasiya hazırlığı görür; Tehranın daha bir “qırmızı xətti” keçilib, amma susur…
Ermənistan və Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat hazırlayır. Belə ki, dövlət sərhədimizin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçiləri cihazları ilə ərazilərimizi müşahidə ediblər.
Bu, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının əslində kəşfiyyatla məşğul olması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun ötən həftə dediklərini bir daha təsdiqləyir. Yada salaq ki, Aİ Xarici Siyasət Xidmətinin nümayəndəsi Peter Stano “bu, Ermənistan qarşısındakı öhdəliklərin və verilən vədlərin dəfələrlə yerinə yetirilməməsini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas olan tamamilə cəfəngiyyat, yalan və manipulyasiyadır” bildirmişdi. Anna indi görünür ki, Qərb sərhədlərimizə yaxın ərazilərdə hansı provokasiyalara əl atır. Axı bizim əraziləri xüsusi cihazlarla niyə müşahidə etməlidirlər? Nə axtarırlar, nəyə baxırlar?
Yeri gəlmişkən, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev sentyabrın əvvəlində Amerikanın “Politico” nəşrinə müsahibəsində birmənalı olaraq bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması “Avropa İttifaqı missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır”. Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib. İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzvü dövlətlərin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyətinin Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu.
Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi. Daha sonra növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Aİ Ermənistana iki illik missiya göndərməyi qərara aldı. İki il müddətinə missiya gətirilmə planı 2025-ci ilə qədərki dövrü əhatə edir. Gələn il həm də Ermənistanda kritik seçki ərəfəsidir. Aİ bu missiya vasitəsilə Paşinyanın hakimiyyətdə qalmasına xidmət edə bilər. Burada bir məqam da İranın susqun mövqeyidir: Bortnikov Aİ missiyasının Rusiya ilə bərabər İran sərhədləri haqda kəşfiyyat məlumatları topladığını deyib. Amma İran bu bəyanata da reaksiya verməyib. “Necə ola bilər ki, adı “mülki”, missiyası hərbi olan monitorinq qrupunun onun sərhədlərində kəşfiyyat aparmasına reaksiya vermir və ya susur? Amma Zəngəzur dəhlizi məsələsi ortaya gəlirsə, tez qeyri-adekvat reaksiya verir? Deməli, Ermənistanla üst-üstə düşən ümumi maraqları var.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, şərti sərhəddə mülki missiya adı ilə kəşfiyyat qrupu yerləşdirilib. A.Məsiyev hesab edir ki, sonra bu qrup NATO missiyasına çevrildi: “Çünki Avropa Birliyi üzvü olmayan Kanada da müşahidə qrupuna qoşuldu. Təbii ki, bütün bu addımlar kəşfiyyat xarakterli fəaliyyətdir. Buna qədər də hərbi avadanlıqların Ermənistana gətirilməsi və sərhədə yerləşdirilməsi bir daha sübut etdi ki, provokasiya məqsədi güdür. Bu da qarşıda atəşkəsi pozmağa hesablanıb”. Siyasi ekspertin fikrincə, Ermənistan atəşkəsi pozarsa, Azərbaycan adekvat cavab verərsə, rəsmi İrəvan NATO missiyasını regiona yerləşdirmək üçün bəhanə gətirib müraciət edəcək: “İrəvan bu bəhanəni axtarır və sülhməramlı adı ilə regiona NATO qoşunlarını yerləşdirməyə hazırlaşır. Ona görə də Aİ missiyası kəşfiyyat müşahidəsi aparır, Ermənistan silahlandırılır, şərti sərhədə silah-sursat gətirilir və eskalasiya üçün bəhanə gəzir”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova bu proseslərə İranın müşahidəçi qalmasını riyakarlıq hesab edir. Onun sözlərinə görə, Tehran daha bir “qırmızı xətti”nin tapdandığını görür, amma sükutla izləyir: “Bunun səbəbi İranın Ermənistanla uzlaşan Zəngəzur mövqeyidir. Cənub qonşumuz bu koridorun açılmasını istəmədiyi üçün bölgədə gərginliyin qalmasında maraqlıdır. Baxmayaraq ki, İranın Qərblə münasibətləri bəllidir, Tehran hər zaman bəyan edir ki, regiona kənar qüvvələrin cəlb olunmasının əleyhinədir, yenə də Zəngəzur dəhlizinə görə Avropa İttifaqının bu təxribatçı hərəkətlərinə dözümlə yanaşırlar. Görünür ki, İran üçün Qərbin bölgədə avantürist davranışları daha az təhlükəlidir, nəinki Zəngəzur dəhlizinin açılması”.
Ekspert regionda postmüharibə dövründə mürəkkəb oyunlar getdiyini müşahidə edir: “Ermənistan sonda bu axmaqlıqlarına görə yanacaq. Kiçik bir ölkə olasan, hərbi potensialın Azərbaycandan qat-qat zəif, amma Qərbdəki hamilər hesabına dirçəlməyə, buynuz göstərməyə çalışasan. Məncə, proseslər Ermənistanın çox pis şəkildə cəzalanması ilə nəticələnəcək. Əgər regionda Avropa İttifaqı, NATO və bütövlükdə Qərb kontingenti yerləşməyə başlasa, arzuolunmaz ssenarilər reallaşa bilər. Hətta növbəti bir cəbhənin Cənubi Qafqazda açılması riski yüksəkdir”.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli isə deyir ki, Aİ missiyasının sərhəddə müşahidə aparması guya atəşkəsə nəzarətdir: “Amma bunun bir imitasiya olduğu göz qabağındadır. Bu, müşahidə missiyasının sayını artırmaqdadır. Əgər Ermənistanla delimitasiya üzrə əsasnamə ratifikasiya olunubsa, o zaman avropalılar “binokl”la nəyi müşahidə edirlər? Demək ki, hədəf Cənubi Qafqazda olmaq və Rusiyanın mövqelərinə şərik çıxmaqdır. Halbuki Ermənistanın sərhədlərini rus hərbçiləri qorumaqdadır. Bu halda, avropalılar atəşkəsə necə nəzarət edəcəklər? Əgər belədirsə, son zamanlar Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulmasını qeydə alsınlar və hesabat təqdim etsinlər”.
Hərbi şərhçinin fikrincə, İran Fransa ilə aşkar-gizli müttəfiqdir, bu səbəbdən Avropa İttifaqında dominant güc olan Parisin Ermənistanın Azərbaycanla sərhədlərində hərəkətlərinə Tehran seyrçi mövqedə dayanıb: “İran Zəngəzur dəhlizinin açılmasını da istəmir, Rusiyanın nəzarətində olmasını da. Bu məsələdə qəribədir ki, müttəfiqi Moskva yox, düşmənləri sayılan Qərblə fikirləri üst-üstə düşür. İran maraqlıdır ki, Ermənistan regiona kənar qüvvələri cəlb etməklə ABŞ-Rusiya arasında gərginliyi artırsın, bu da dəhlizin açılmasını çətinləşdirsin və gecikdirsin. Ona görə bu hərəkətlərdən özünə hələ ki təhlükədən daha çox fayda görməkdədir. Amma Qərb hərbi texnikasının sərhədə gətirilməsinə İran bu dərəcədə təmkinli olmamalıdır. Əfsus ki, bölgə yenə münaqişənin qaynar ocağına çevrilə bilər. Ermənistan tələsməli, delimitasiya başlamalı, avropalı müşahidəçilər sərhədləri tərk etməli, İrəvan qanunvericiliyə dəyişiklik etməli, sülh sazişi imzalanmalıdır ki, ayrı-ayrı qütblərin bu regionda yeni müharibə planları baş tutmasın”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”