“Valideynin aliment ödəməməsi onun işsiz olması ilə əlaqəli deyil” – Hüquqşünas
“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, valideynlər öz övladlarını qayğısına qalmaq və tərbiyə etməyə borcludur, buna dövlət xüsusi nəzarət edir. Əgər uşaqlar anada qalırsa ata, atada qalırsa ana aliment ödəməlidir”.
Bu sözləri BiG.AZ-A hüquqşünas Esmira Rzayeva deyib.
O bildirib ki, valideynin işləyib-işləməməsindən asılı olmayaraq, uşağa aliment ödənilməlidir.
“Ailə məcəlləsinə görə, valideynin aliment ödəməməsi onun işsiz olması ilə əlaqəli deyil. Yəni, aliment verəcək şəxs məhkəmə tərəfindən müəyyən edilmiş məbləği ödəməlidir. Alimentdən qərəzli şəkildə yayıyan valideynlər məsuliyyətə cəlb olunur.
“Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması qanunla tənzimlənir. Konstitusiyanın 78.1.-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2.-ci maddəyə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3.-cü maddəyə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir”.