Bərdə rayon İcra Hakimiyyəti başçısının Divanlı kəndində səyyar qəbul-görüşü keçirilib
Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Divanlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kənddə yeni artezian quyusunun qazılması, işlə təmin olunma, elektrik şəbəkəsinin yenidən kabelləşdirilməsi, kənd uşaq bağçasının əsaslı təmir olunması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.