“Online platformadan nigah müqaviləsinin bağlanması təqdirə layiq haldır”- Üzeyir Şəfiyev
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bununla belə, nikah müqaviləsi mülki müqavilələrdən fərqli müəyyən xüsusiyyətlərlə səciyyələnir ki, bu da öz əksini ölkəmizin ailə qanunvericiliyində tapıb. Yəni nikah müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.
Vətəndaşlar artıq “mygov” tədbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər.
Lakin bu məsələ vətəndaşlar tərəfindən birmənalı qarşılanmadı. Bəzi şəxslər bunun “gərəksiz” olduğunu qeyd edirlər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, biz rəqəmsal cəmiyyətdə, internet resurslarının tədbiqi şəraitində yaşayırıq. Belə bir şəraitdə də bizim həyat tərzimiz, sənədləşmələrimiz şübhəsiz ki, rəqəmsal cəmiyyətin xarakterinə və tərzinə uyğun olmalıdır:
“Nigah münasibətlərinin də online platformada realizəsi anlaşılan haldır. Bu insanların rahatçılığına xidmət edir. Bu məsələ dövlət tərəfindən tənzimlənir. Elektron qaydada realizə olunan nigah münasibətləri real praktik sənədlərlə eyni gücə malikdir.
Platformada nigah bağlanmazdan evvəl lazım olan sənədlər, xüsusilə tibbi arayışlar tərtib edilməlidir. Həmin sənədlər hazır olduqdan sonra ev şəraitində də bəlli bir müddət ərzində nigah müqaviləsi bağlana bilər.
Online platformadan nigah müqaviləsinin bağlanmasında heç bir problem yoxdur. Buna hansısa bir ictimai müzakirə zamanı mənfi reaksiya verməyə gərək yoxdur. Bu insanların konfortu və rahatçılığı üçün nəzərdə tutulan bir xidmət sahəsidir.
Bu təqdir ediləcək bir haldır. Əhalinin sosial məmnunluğu bu vasitə ilə təmin edilir. Bu hal bizim yaşadığımız elektron rəqəmsal cəmiyyət xarakterinə tam adekvatdır. Sənədlərin elektronlaşması işi gedir. Bu proses aparılan işlərin tərkib hissəsidir. Burada heç bir qəbahət yoxdur. Online platformadan nigah müqaviləsinin bağlanması təqdirə layiq haldır”.

