İt döyənlər 800, öldürənlər 2000 manat cərimə olunacaq: yeni qaydalar gəlir
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr daha da artdı – Heyvansevərlər yeni cərimədən razıdırlarmı?
Milli Məclis heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını son oxunuşda təsdiqləyib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə şəxs 500 yüz manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Məcəlləyə təklif olunan daha bir dəyişikliklə, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Dəyişiklik layihəsi səsverməyə qoyularaq III oxunuşda təsdiqlənib.
“Ötən ilin cərimələrinə nisbətən bu dəfə cərimələr bir qədər də artırılıb. Əlbəttə ki, heyvansevərlər olaraq bu, bizi çox sevindirir”.
Bu sözləri Musavat.com-a açıqlamasında tanınmış həkim-diyetoloq, eyni zamanda heyvansevər Ləman Süleymanova deyib.
Lakin onun fikrincə, Avropa ölkələrində olan cərimələrlə müqayisədə bu cərimələr o qədər də yetərli deyil:
“İnkişaf etmiş bütün Avropa ölkələrində ev heyvanını düzgün şəraitdə saxlamadıqda, qidasına, gigiyenasına düzgün əməl etməkdikdə heyvan sahibinə 15 min avrodan başlayaraq cərimələr tətbiq olunur. O ki qaldı heyvanlara qarşı rəhmsiz davrandıqda, onu incitdikdə, öldürdükdə cərimələr 50 min avrodan başlayaraq tətbiq olunur. Bu baxımdan çox nadir hallarda kimsə heyvanları incidir və ya öldürür.
Bu baxımdan hesab edirəm ki, ölkəmizdə heyvanlara qarşı rəhmsiz davrananlara 800-1000 manat cərimə tətbiq edilməsi yetərli deyil. Ola bilər ki, kimlərsə bu məbləğə görə heyvanları incitməkdən çəkinəcək, amma digərləri öz əməllərinə davam edəcək. Ona görə də istəyərdim ki, bizim ölkəmizdə də heyvanlara zülm edənlərin cəriməsi 5-50 min manat olsun. Bu zaman heyvanlara zülm edənlərin sayı tamamilə azalacaq və yaxud heç olmayacaq. Çünki heç kəs bu cür cəriməni ödəmək iqtidarında deyil.
Hesab edirəm ki, elmli, həyatda uğur qazanan, məşğuliyyəti olan insanlar demək olar ki, heç vaxt heyvanlara zülm etmir. Lakin həyatı, uşaqlığı pis keçən, psixoloji vəziyyəti normal olmayan insanlar hirsini heyvanlardan çıxır, onlara zülm verməkdən həzz alırlar. Hətta heç nədən çəkinmədən əməllərini sosial şəbəkələrdə ictimailəşdirirlər. Təbii ki, əgər cərimə 5 min manatdan başlasa, onların sayı azalacaq.
Heyvanlara zülm edən digər insanlar isə falçılıqla, cadu ilə məşğul olanlar, satanistlərdir. Bu cür insanlar əsasən pişiklərə zülm edirlər. Onlar müəyyən ritualları həyata keçirmək və yaxud guya magiya ilə məşğul olmaq üçün pişiklərin əl ayaqlarını və yaxud quyruqlarını kəsirlər. Cadu ilə məşğul olanlar hətta meşədə canavar, tülkü ovlayıb, onlardan istifadə edirlər. Heyvanlara zülm edənlər arasında uşaq və yeniyetmələr də var, hansı ki, onlar ailədə valideynləri tərəfindən zülm görüblər, yetərincə tərbiyə almayıblar”.
Xatırladaq ki, bir sıra Avropa ölkəsində heyvan ölümünə görə cinayət işi açılır. Almaniya Konstitusiyasına görə, əgər çəkilişlər heyvana əziyyət verirsə, onları filmlərə çəkmək qadağandır. Avstraliyada cücələri sıx qəfəslərdə saxlamaq, yırtıcıları sirklərdə saxlamaq, itlərin qulaqlarının, quyruqlarının kəsilməsi, zəncirlənməsi, mal-qaranın sıx iplə bağlanması qadağandır. İtaliyada şəxs öz itini və ya pişiyini küçəyə atarsa, yüklü məbləğdə cərimə olunur.
Psixoloqlar hesab edir ki, heyvanlara zülm edən şəxslərin əksəriyyətinin uşaqlıq travmaları olur, onlar şüuraltında bu əməli törətməkdən həzz alırlar, hansı ki, həddən çox coşğulu, qəddarlığı təcəssüm edən, hirslidir, həyatda heç nəyə nail ola bilməyiblər. Bu səbəbdən də özlərini heyvanlar üzərindəki vəhşiliklə təsdiqləmək istəyirlər. Bu cür insanlar özləri də zamanında şiddətə məruz qalıblar. Bu baxımdan da eyni aqressiyanı göstərirlər, yalnız insanlara deyil, heyvanlara qəddarlıq nümayiş etdirirlər.