Region Xəbərləri 

Prezident İlham Əliyevin “Rossiya Seqodnya”ya verdiyi müsahibə həm Azərbaycan gerçəkliklərini, həm də dünyəvi siyasətini əhatə etdi.

Prezident İlham Əliyevin dekabrın 17-də Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə regionda sülh sazişi üzrə danışıqların hazırkı vəziyyətini və qarşıya çıxan maneələri dəyərləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu müsahibə bir daha Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə, artan roluna işıq saldı.
Sözügedən müsahibədə Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs edib.
Prezident İlham Əliyevin müsahibəsi, həmçinin Azərbaycanın xarici siyasətinin müstəqilliyi, regional müttəfiqlik və təhlükəsizlik məsələləri ilə bağlı vacib açıqlamalarla zəngindir. Dövlət başçısının bu açıqlamaları ölkənin beynəlxalq arenadakı yerini və strateji hədəflərini daha dərindən dəyərləndirmək üçün önəmlidir.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürüdən bir ölkə olaraq qəbul edildiyini vurğulayıb. O, Azərbaycanı həm Rusiyanın, həm də NATO üzvü olan Türkiyənin müttəfiqi kimi dəyərləndirib. Bu vəziyyət Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı bir mövqe tutmasına imkan yaradır. Dövlət başçısının fikrincə, Azərbaycan bu müstəqil siyasətinə davam edəcək və gərginliyin azaldılması (detente) məsələsində öz töhfəsini verə bilər.
Fransa və Hindistanın Ermənistana öldürücü silahlar verdiyini gizlətməməsi, ABŞ-ın isə bu məsələdə susqunluğu cənab İlham Əliyevin diqqətə çatdırdığı məsələlərdən biri idi. O, Ermənistanın hava limanlarına enən hərbi təyyarələrin silah daşımasına dair izləmələrin aparıldığını bildirib ki, bu da həmin dövlətlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin bu müsahibəsi bir daha Azərbaycanın xarici siyasətinin müstəqilliyini, dövlətin strateji müttəfiqlərini və beynəlxalq müstəvidə balanslı mövqeyini təsdiqləyir. O, Azərbaycanın qarşısında duran təhlükələrə qarşı məsuliyyətli yanaşaraq, hərbi müdafiə və diplomatik əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu, Azərbaycan üçün müstəqil siyasət və beynəlxalq aləmdə daha fəal rol oynamaq baxımından mühüm bir mərhələdir.

Daha çox xəbərlər