Prezidentin müsahibəsi Azərbaycanın qəti mövqeyinin əks olunduğu böyük bir yol xəritəsidir
Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım hesab edib. Azərbaycan Prezidentinin qənaətinə görə, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir.
Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir.
Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq.
Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq.
Sözügedən müsahibədə Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs edib.
Prezident İlham Əliyevin müsahibəsi, həmçinin Azərbaycanın xarici siyasətinin müstəqilliyi, regional müttəfiqlik və təhlükəsizlik məsələləri ilə bağlı vacib açıqlamalarla zəngindir. Dövlət başçısının bu açıqlamaları ölkənin beynəlxalq arenadakı yerini və strateji hədəflərini daha dərindən dəyərləndirmək üçün önəmlidir.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürüdən bir ölkə olaraq qəbul edildiyini vurğulayıb. O, Azərbaycanı həm Rusiyanın, həm də NATO üzvü olan Türkiyənin müttəfiqi kimi dəyərləndirib. Bu vəziyyət Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı bir mövqe tutmasına imkan yaradır. Dövlət başçısının fikrincə, Azərbaycan bu müstəqil siyasətinə davam edəcək və gərginliyin azaldılması (detente) məsələsində öz töhfəsini verə bilər.
Fransa və Hindistanın Ermənistana öldürücü silahlar verdiyini gizlətməməsi, ABŞ-ın isə bu məsələdə susqunluğu cənab İlham Əliyevin diqqətə çatdırdığı məsələlərdən biri idi. O, Ermənistanın hava limanlarına enən hərbi təyyarələrin silah daşımasına dair izləmələrin aparıldığını bildirib ki, bu da həmin dövlətlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin bu müsahibəsi bir daha Azərbaycanın xarici siyasətinin müstəqilliyini, dövlətin strateji müttəfiqlərini və beynəlxalq müstəvidə balanslı mövqeyini təsdiqləyir. O, Azərbaycanın qarşısında duran təhlükələrə qarşı məsuliyyətli yanaşaraq, hərbi müdafiə və diplomatik əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu, Azərbaycan üçün müstəqil siyasət və beynəlxalq aləmdə daha fəal rol oynamaq baxımından mühüm bir mərhələdir.
Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərinin sayının artması buna əsas sübutdur. Düşünürəm ki, indi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur.
Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq. Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq. Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.
Prezidentin müsahibəsində digər mühüm bir məsələ Qərbi azərbaycanlıların qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edilməsi barədə səslənən fikirdir. 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlının doğma yurd-yuvalarına qayıtması onların hüququdur. Təəssüf ki, bu günədək Ermənistan rəhbərliyindən hələ də azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab alınmayıb.
Dövlətimizin başçısı daha sonra COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi, iqlim mövzularına illik xərclərin 300 milyard dollar həcmində razılaşdırılması, Avropa İttifaqının missiyasının tədricən NATO-nun missiyasına çevrilməsi, Fransız kolonializminin iyrənc siması, Gürcüstanın bizim üçün çox mühüm tərəfdaş və yaxın dost olması və digər mühüm əhəmiyyətli məsələlər barəsində məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir müsahibəsi ölkədə və dünyada baş verən hadisələr, onlara Azərbaycan dövlətinin münasibəti barədə məlumatların daha dolğun şəkildə əldə olunmasında zəngin mənbədir. Bu baxımdan demək olar ki, ölkə Prezidentinin verdiyi müsahibə həm də Azərbaycanın qəti mövqeyinin əks olunduğu böyük bir yol xəritəsidir.
Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı