Arıqlama çayları və qəhvələri qadağan olundu
SƏHİYYƏ NAZİRLİYİ VƏ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN BİRGƏ MƏLUMATI RƏSMİ
Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.
Sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.