Prezidentin nazir təyin etdiyi Anar Əliyev KİMDİR… – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
ARANTV.AZ Anar Əliyevin dosyesini oxucularına təqdim edir:
Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
A.Əliyev 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
O, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir.
Anar Əliyevin anası İradə Əliyeva uzun illərdir jurnalistika sahəsində fəaliyyət göstərir. Hazırda o, “Azərbaycan” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.
Anar Əliyev hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.