Pedaqoji Kollec bağlanır? – AÇIQLAMA
“Kolleclərdə müəllimlik ixtisaslarının ləğvi prosesi çoxdan başlayıb. Hazırda pedaqoji ixtisaslar heç bir kollecdə aparıcı profil olaraq müəyyən edilmir. Yalnız Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) pedaqoji ixtisaslar nisbətən üstünlük təşkil edir. Lakin artıq pedaqoji ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsil pilləsində aparılması gözlənilir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
Onun sözlərinə görə, ADPK da fəaliyyətini davam etdirəcək:
“Hətta kollecə diqqəti bir az da artırmağı düşünürük. Amma burada sırf müəllim ixtisasları üzrə kadrların yetişdirilməsi, fəaliyyətin yalnız müəllimlik yönümlü olması prioritet deyil. Bilirsiniz ki, təhsil müəssisələrinin fəaliyyəti çoxşaxəlidir və orada hazırlanan kadrların heç də hamısı fənn pedaqoqu deyil. Fərqli pedaqoji istiqamətlərə dəstək siyasətini inkişaf etdirəcəyik. Elm və təhsil naziri Emin Əmrullayev də qeyd etdi ki, gələcəkdə ali təhsilin əlçatanlığı artırılmalıdır. Müşahidə etdiyiniz kimi, ali məktəblərin qəbul planında yerlərinin sayı ildən-ilə artırılır”.