Kiçik ada dövlətlərinin mövcudluğuna təhlükə var!
Məlumdur ki,Azərbaycan COP 29 üçün sülh,maliyyə, insan kapitalı,su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı fəaliyyət gündəliyini aylar öncə hazırlayıb. Sənəddə iqlim dəyişikliyi və dünyanı hər zaman narahat edən əsas məsələlər öz əksini tapıb.
Ölkəmiz artıq bu məsələlərin,o cümlədən kiçik ada dövlətlərinin üzləşdiyi sosial və ekoloji problemlərin aradan qaldırılması,qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində konkret qərarların qəbul olunaraq icraya yönəldilməsini vacib hesab edir,bu yöndə müvafiq addımlar atır.Kiçik ada dövlətlərinin üzərində aparılan araşdırmalar göstərir ki,qabaqlayıcı tədbirlər görülməzsə, XXI əsrin ortalarında milyonlarla insanın yaşadığı bu ölkələrin böyük əksəriyyətini fəlakətlər gözləyir. Bu balaca ada dövlətlərində iqlim dəyişkliklərinin fəsadları dəniz səviyyəsinin dəyişməsi fonunda daha aydın görünür. Ona görə də vaxt itirmədən onları xilas etmək lazımdır. Təbii ki, fəlakətlər nəticəsində ortaya çıxan problemlərin həlli kiçik ada dövlətlərinin maliyyə imkanları xaricindədir. Doğrudur, bir çox kiçik ada dövlətləri iqlim dəyişmələri ilə mübarizə aparmaq və unikal mədəniyyətlərini qorumaq üçün müxtəlif tədbirlər görürlər. Amma coğrafi təcrid , məhdud resurslar və iqtisadi imkanların aşağı səviyyədə olması onların əksəriyyətinin istənilən nəticəyə nail olmasını mümükünsüz edir.
Təəssüf ki, bəzi dövlətlər iqlim dəyişmələri ilə mübarizədə bu cür imkansız ada dövlətlərinə kömək etmək baxımından onlara lazımınca diqqət ayırmırlar. Amma COP 29-a ev sahibliyi edən Azərbaycan sözü gedən məsələyə yanaşmanı dəyişmək, beynəlxalq ictimaiyyətin diqqətini həm də kiçik ada dövlətlərinin iqlim dəyişmələri nəticəsində üzləşdiyi problemlər üzərində cəmləşdirmək məqsədilə lazımı addımlar atır. Bu istiqamətdə Azərbaycanın göstərdiyi fəaliyyət dünyada, o cümlədən kiçik ada dövlətlərində təqdir olunur, alqışlanır.Məhz ölkəmizin təşəbbüsləri sayəsində kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin əsaslı şəkildə COP 29-da həlli gözlənilir.
Prezident İlham Əliyev hələ oktyabrın 10-da Bakıda keçirilən Pre-COP 29 tədbirinin iştirakçılarına ünvanladığı müraciətdə demişdi: Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu problemlərin həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc bilir və onlara həm maddi, həmdə siyasi, o cümlədən Birləşmuş Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir.
Mehparə Mustafayeva , YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə şəhər 7-saylı məktəbin direktoru