Siyasət 

Avropadan Azərbaycana qarşı növbəti demarş

Bakıda ermənilərin mühakimə edildiyi məhkəmə ilə bağlı yeni qətnamə hazırlanır – sərt etirazlar…

Avropa Parlamentinin üzvləri Bakıdakı “erməni hərbi əsirlərə” və həbsdəki digər “əsirlərə qarşı işgəncə və pis rəftarla bağlı həyəcanverici xəbərlərlə” bağlı təcili müzakirələrə başlaya bilərlər. Bu barədə Brüsseldəki diplomatik mənbə armenpress-ə bildirib.

İddia olunur ki, azərbaycanlıların “qanunsuz həbs edilən ermənilərə qarşı məhkəmə prosesinin nümayişi”, eləcə də məhbusların məhkəmə zallarından “açıq-aşkar fiziki tənəzzül və işgəncə əlamətlərini əks etdirən son görüntüləri” beynəlxalq müdaxilə üçün geniş çağırışlara, eləcə də Avropa Parlamenti üzvlərinin “narahatlığına” səbəb olub. Avropa Parlamentinin qarşıdan gələn plenar iclasında məsələyə mümkün reaksiya və qətnamə ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Azərbaycandakı məhkəməni “tamaşa”, xarici işlər naziri Ararat Mirzoyan isə “qondarma” proses adlandırıb.

Göründüyü kimi, Ermənistan və erməni lobbisi iş başındadır. AP-nin erməni diasporunun pulu ilə danışan üzvləri isə yeni qətnamə qəbul etməyə hazırlaşırlar. Halbuki onlar əsir deyil və dövlət içində “dövlət” yaratmaq iddiasında olublar. Avropalı deputatlar öz ölkələrində belə terrorçu rejimə necə reaksiya verərdilər? Azərbaycana qarşı daha bir qərəzli, şər-böhtan dolu sənədin qəbulu nəyi dəyişəcək?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana qarşı bu cür qərəzli davranış gözləniləndir, amma hər cür abırsız hərəkətin bir sonu olsa da təəssüf ki, Avropa Parlamenti kimi təşkilatların qərəzinin sonu yoxdur: “Onlar Azərbaycanın torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə də ədalətsizlik nümayiş etdirirdilər, torpaqlarımızı azad etmək üçün müharibə apardığımız zamanda da qərəz püskürürdülər, beynəlxalq hüquqa arxa çevirərək Azərbaycana qarşı şər-böhtan yağdırırdılar. İndi isə müharibə cinayətləri, soyqırım cinayətləri törətmiş, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, deportasiya və digər saysız-hesabsız cinayətlər törətmiş, bir dövlətin içində qanunsuz ”dövlət” elan etmiş canilərlə bağlı aparılan məhkəmə prosesi Avropa Parlamentini, Ermənistan hökumətini narahat edir. Cinayətləri ortada olan şəxsləri insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri müdafiə etmək cinayətə şərik çıxmaq və beynəlxalq hüququ tapdamaqdır”.

Çingiz Qənizadəyə görə, məsələnin başqa bir tərəfi odur ki, hazırda məhkəmələri gedən şəxslərin bir çoxu artıq istintaqla səmimi əməkdaşlıq edir, onların verdiyi ifadələr birbaşa göstərir ki, bu müharibəni Ermənistan aparıb, onlara əmrlər, silah-sursat Ermənistandan gəlib: “Məhkəmə prosesinin gedişindən isə mühakimə olunan şəxslər razılıqlarını ifadə edirlər, onlara hər hansı formada təsir, təzyiq edilmədiyini bildirirlər. Onlarla Azərbaycanın Ombudsmanı şəxsən görüşüb. Bellə bir reallıq ortada olduğu bir vaxtda Avropa Parlamentindəki erməni lobbisinin hay-küy salmağa çalışması əbəsdir”.

Ekspert hesab edir ki, Ermənistan rəhbərliyi Bakıda məhkəməsi gedən ermənilərin Ermənistan dövlətinin cinayətlərini açıb etiraf edən ifadələr verməsindən narahat olmağa başlayıb: “Ona görə də Nikol Paşinyan və digərləri məhkəmə prosesinə qarşı qarayaxmalara başlayıblar. İç üzlərinin açıqlacağından qorxurlar. Onlar bilirlər ki, mühakimə olunan ermənilərin Ermənistanın cinayətlərini məhkəmədə ifşa edən ifadələr verməsi gələcəkdə Ermənistan dövlətinin beynəlxalq məhkəmələrdə vəziyyətini ağırlaşdıracaq, Ermənistan cavab verməli olacaq. O səbəbə Ermənistan hakimiyyəti, onların Avropa Parlamenti kimi təşkilatlardakı havadarları Bakıda keçirilən məhkəmə prosesini şübhə altına almağa çalışırlar. Lakin bu cəhdlərinin nəticə verməyəcəyi məlumdur. Məhkəməsi gedən ermənilər istədikləri vəkillərlə təmin olunublar, onlara qarşı hər hansı fiziki, mənəvi, psixoloji təzyiq olmadığını dəfələrlə bəyan ediblər. Məhkəmə prosesi də açıq, şəffaf keçirilir. Prosesdə xarici dövlətlərin səfirliklərinin əməkdaşlarının da iştirakına qadağa yoxdur”.

Sülh sənədinin GİZLİNLƏRİ AÇILIR - “ortaq komissiya”, daha nələr...

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, siyasi ekspert Mütəllim Rəhimli isə bildirdi ki, hazırda məhkəməsi gedən erməni terrorçu-separatçıları özlərinin də etiraf etdikləri kimi, Azərbaycan qanunlarına tabe olmayıblar: “Onlar həm də ölkəmiz əleyhinə fəaliyyət göstəriblər, dinc sakinləri qətlə yetiriblər, Azərbaycan ordusuna qarşı döyüş təşkil ediblər. Belələrinin hərəkətlərini heç bir qanun, əxlaq müdafiə edə bilməz. Onlar mütləq cəzalandırılmalıdır ki, gələcəkdə heç kim belə hərəkətlərə yol verməsin. Azərbaycan tərəfi haqlı olaraq məhkəmə prosesini açıq keçirir. Bu da imkan verir beynəlxalq ictimaiyyət də ermənilərin niyyətləri və törətdikləri əməllərlə tanış ola bilsin. Müttəhimlərin durumu əməllərindən qaynaqlanır, çünki cinayətlərinin adekvat cəza alacağını təsəvvür edə bilirlər. Məhz buna görə fiziki olaraq tənəzzül yaşaya bilərlər. Onlar qürurlu və mənəvi-psixoloji baxımdan güclü insanlar olsaydılar, heç vaxt separatçı və qatil rolunda çıxış etməzdilər. Avropa Parlamentinin üzvləri müttəhimlərin üzünə baxıb həyəcan keçirməkdənsə, onların əməllərinə baxıb həyəcan keçirsinlər. Bu daha obyektiv baxış olardı. Yaxud da bəzi Avropa parlamentariləri nədən həyacan keçirdiklərini qarışdırıblar və həqiqəti itiriblər.

Avropalı deputatlar bu məsləyə prinsipial yanaşmalıdırlar, ikili mövqe onları hörmətdən salır və sözlərinin çəkiləri də itir. Necə olur ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, ona hərbi yardımlar göstərən Avropa Parlamenti Azərbaycanı bölməyə çalışanları müdafiə edir. Təbii ki, onların niyyətləri siyasi xarakterlidir və Azərbaycan tərəfi də məsləyə bu aspektdən yanaşaraq problemi həll etməyə çalışmalıdır”.

Ekspert qeyd etdi ki, son vaxtlar ölkəmizin Avropa ilə barışmayan münasibətləri getdikcə gərginləşməkdədir. Eyni zamanda, Fransanın ermənipərəst sevgisi və xristian təəssübkeşliyi də burada əhəmiyyətli rol oynayır. Görünür bütün bunlar da Avropa Parlamentinin ölkəmizə qarşı böhtan dolu sənədin qəbulu ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub. Ancaq bu yolla məhkəməyə təsir etmək mümkün deyil. Hansısa bir qətnamənin heç bir təsir effekti və əhəmiyyəti olmayacaq”.

Daha çox xəbərlər