Cəmiyyət 

Bütün dünyada 2006-cı ildən etibarən hər il martın 9-da rəsmi şəkildə Ümumdünya Böyrək Günü qeyd edilir.

Böyrəklər insanın ən vacib orqanları olub, orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa yardım edir. Böyrək çatışmazlığı kəskin və xroniki olur. Kəskin böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığı ilə nəticələnə bilər. Xroniki böyrək çatışmazlığı hər il dünyada 4 milyon insanın ölümünə səbəb olur. Bu xəstəliyin dünyada artımına əsas səbəb hipertoniya və şəkərli diabet xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, müxtəlif ölkələrdə bir milyon əhalinin 800-1200 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.
Hörmətli İzləyicilərimiz, nəzərinizə çatdırmaq istəyirik ki, bir çox böyrək xəstəlikləri gizli inkişaf edərək sonda ağır patologiya olan böyrək çatışmazlığına səbəb ola bilər. Ciddi böyrək xəstəlikləri infarkt və insultun riskini 3 dəfə artırır.
Bütün bunları nəzərə alaraq həkimlər ildə 1 dəfə profilaktik müayinə zamanı böyrəklərin sağlamlığını qiymətləndirmək üçün sidik və qan analizlərini verməyi, USM, həkim terapevtin və ya həkim uroloqun müayinəsindən keçməyi tövsiyə edirlər.
Böyrəklərin sağlamlığını qorumaq məqsədi ilə həkimlər kifayət qədər su içməyi, bədən çəkisini normada saxlamağı, təzyiqə daim nəzarət etməyi, fiziki aktiv olmağı tövsiyə edirlər.

Daha çox xəbərlər