Cəmiyyət 

“Azərbaycan qadınına ən yüksək qiyməti Ulu Öndər verib”

Məlahət İbrahimqızı: “Əsası qoyulmuş bu siyasət bu gün daha da yüksək səviyyədə həyata keçirilir”

Ötən həftə bütün dünyada olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu. Azərbaycan cəmiyyəti bu bayramı yüksək səviyyədə qeyd edir. Çünki hər zaman elmə, inkişafa, müasirliyə həvəs göstərən Azərbaycan xalqı qadınların təhsil alması, onların hüquqlarının qorunması, ictimai fəaliyyətlə məşğul olması məsələsində müsbət mənada fərqlənib. Əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cümhuriyyəti nəinki ümumilikdə Şərqin, həm də Qərbin bir sıra dövlətlərindən də əvvəl qadınların seçki hüququnu tanıyan bir dövlət olub. Sovet dövründə də Azərbaycan qadınları hər zaman aktiv ictimai fəaliyyətlə məşğul olublar.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu barədə bildirib ki, Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xurafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Ulu öndər Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olub: “Ulu öndər mütərəqqi ideyaların, azərbaycançılıq ideologiyasının qadınlarsız mümkün olmadığını dəqiq bilirdi. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli liderimiz Heydər Əliyev qadınların potensialından istifadə etmədən cəmiyyətin ədalətli və tarazlı inkişafının mümkün olmadığını çox gözəl bilirdi. Ona görə 1969-cu ilin 14 iyul tarixində Azərbaycan Respublikası Kommunst Partiyası Mərkəzi Komitəsinə I katib vəzifəsinə təyin olunduqdan az sonra onun tapşırığı ilə avqustun 2-də Bakıda ölkənin fəal qadınlarının yığıncağı keçirildi. Yığıncaqda ölkə qadınlarının qarşısında duran vəzifələr və problemlər müzakirə olundu və sonda yekun sənəd qəbul edildi. 1969-1987-ci illərdə Azərbaycan Respublikası MK-nın rəhbəri və 1982-ci ildən 1986-cı ilə kimi SSRİ Nazirlər Soveti Sədrinin I müavini Heydər Əliyev Azərbaycan qadınlarının dövlət idarəetməsində kişilərlə bərabər təmsil olunmasına vəzifə borcu kimi deyil, həm də qadına olan yüksək hörmət və ehtiramından irəli gəlirdi”.

 

Deputat vurğulayıb ki, 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub: “Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasının yaratdı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edildi. 1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Daha sonra, 2000-ci ildə qadın siyasəti və buna diqqətin artırılması ilə bağlı imzalanan Fərman ölkəmizdə qadınlara dövlət qayğısının bariz sübutu sayılmalıdır. Burada ictimai və siyasi həyatda qadınların irəli çəkilməsi, qadın sahibkarlığı, qadınlara qarşı zorakılıq, qadın alveri, qaçqın və məcburi köçkün qadınların məşğulluğu, gender amilinin dövlət siyasətinin bütün istiqamətlərinə daxil edilməsi məsələləri öz əksini tapıb. Bunun nəticəsində dövlət idarəçiliyinin yüksək pillələrində qadınların təmsilçiliyi daha da artıb, təhsil, səhiyyə və mədəniyyət sahələrində isə qadınlar əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. 1998-ci ildə müstəqil Azərbaycan Respublikası qadınlarının I qurultayı keçirildi. Böyük dövlət xadiminin qadınlarla bağlı çıxışındakı hörmət, qayğı və məhəbbət Azərbaycan qadınının özünə inamını artırdı.

XX əsrdə Azərbaycanın tarixində bu qurultayın ən böyük tarixi hadisələrindən biri olduğunu, qadınların dövlətin həyatında iştirakının təməlini qoyduqlarını qeyd edən Ulu öndər demişdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, izzəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”.

Deputat qeyd edib ki, 2001-ci ildə Ulu öndər qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı: “Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı”.

Deputatın sözlərinə görə, 1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyev tərəfindən qadınlarla bağlı imzalanmış fərman və sərəncamlar Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasına böyük təkan verdi. Əsası qoyulmuş bu dövlət qadın siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, bu gün daha da yüksək səviyyədə həyata keçirilməkdədir.

ETİBAR

Daha çox xəbərlər