Gündəm 

Moskva, Ciddə və Sudja…

ABŞ-Ukrayna danışıqlarına saatlar qalmış Rusiya paytaxtına kütləvi dron hücumu üç ünvana mesaj idi; Ukrayna 30 ildən sonrakı “44 günlük savaşa” hazırlaşsın- Kurskun paytaxtı ukraynalıların əlindən çıxdı?

Ciddə də ABŞ-Ukrayna danışıqları olası gün Rusiya paytaxtına kütləvi dron hücumu əlbəttə ki, sadəcə üç ildir davam edən müharibənin sıradan statistikası deyil, əksinə aşkar mesajdır, həm də üç ünvana.

Bir mesaj Zelenskiyə Trampla mübahisədə haqsız olduğunu etiraf etməyə məcbur edən və rəsmən üzr istədən Ağ Evədir. “Yəni bizi Putinə görə qısnayıb hətta üzr istədirsinizsə, bizim də əlimiz armud toplamır, Moskvaya belə səsimizi hələ çatdıra bilərik”. Bu, həm də Ciddədə ABŞ-la ilk dəfə danışıqlar masasına oturmuş Ukrayna nümayəndə heyətinə verilmiş motivasiyadır.

Mesajlardan biri də Ukrayna müharibəsinin bitməsində Kiyevin kapitulyasiyaya məcbur edilməsinə qarşı çıxan Avropa İttifaqınadır ki, “bizi boşuna dəstəkləmirsiz, hələ müqavimət göstərmək əzmimiz var”. Zelenskinin Makrona çox yaxınlaşdığını, Fransa liderinin öz ambisiyaları naminə onun ağlını çaşdıra biləcəyi haqda şübhələrimi yazmışdım. Yenə də o rəydəyəm ki, Ciddədə Amerika nümayəndələri ilə görüşdən bir neçə saat əvvəl Moskvaya şiddətli dron hücumunda Makronun rolu, ingilis baş naziri Starmerin barmağı yəqin ki, var. Zelenski əslində, indi üzərinə mina bağlanmış kimidir, kimin yanında “partlayacağının” onun üçün xüsusi əhəmiyyəti də qalmayıb. Başa düşür ki, Amerika onun hakimiyyətdən getməsində dirəşərsə, buna yalnız bir müddət müqavimət göstərə bilər. Ona görə Zelenskiyə “yağışından qorxusu olmayan islanmış adam” kimi baxmaq lazımdır. İndi o, ən ağlasığmaz qərarlar belə verə bilər…

ESAS-BU OLSUN.jpg (46 KB)

Dron hücumlarında üçüncü mesaj əlbəttə ki, Rusiya prezidenti Putinədir. Zelenski fərqindədir ki, Ukrayna ən azı bu mərhələdə torpaqlarını geri qaytara bilməyəcək, ərazi itkisi ilə barışmalı olacaq. Amma bu, bizim Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimzə bənzəməz. Putin atəşkəs, hansısa vasitəçi qrup, uzanan danışıqlar istəmir. Razılaşmaların masada və təməlli həll olunmasını tələb edir. Yəni bu müharibənin Ukrayna üçün alçaldıcı sülh şəklində tarixdə qalmasını istəyir. Tramp hakimiyyəti Putinin bu tələbinə qarşı deyil. Ukrayna və Avropa Birliyi təbii ki, bu tələbi öz məğlubiyyətləri hesab edirlər. Moskvaya dron yağışının bir mənası da odur ki, Kremldə panika yaratsınlar, buna da nail oldular. Bəlkə də bir daha belə bir şans olmadı…

Ciddədə 4 saatdan artıq davam edən görüş haqda müxtəlif iddialar var. Qərb və Ukrayna mənbələri Kiyev təmsilçilərinin Britaniya və Fransa ilə birgə işlənib hazırlanmış sülh yolu ilə nizamlanma planını təklif etdiyini xəbər verir. Bu plan tam atəşkəs deyil, havada və dənizdə “sükut rejimi”nin tətbiqini nəzərdə tutur, uzaqmənzilli raketlərin istifadəsinə də aiddir. Eyni zamanda, bu “atəşkəs planı” quruda hərbi əməliyyatlara aid deyil.

1741700161_2025-03-11t100844z_1672177852_rc2xada610yx_rtrmadp_3_ukraine-crisis-usa_jpg (1).jpg (93 KB)

Amerika tərəfinə gəlincə, dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfərindən əvvəl ABŞ-ın tələblərinin əsas məqamlarını təqdim edib.

Dövlət katibinin sözlərinə görə, görüşün nəticələri hərbi yardımla bağlı qərarda “əsas rol oynayacaq”. Rubio deyib ki, Ukrayna istənilən sülh sazişində ərazi güzəştinə getməli olacaq.

İlk danışıqlarda hansısa nəticə gözləmək əbəs idi, amma indi həm ABŞ-a, həm Ukraynaya mövqeləri qismən aydındır.

avlider-.jpg (277 KB)

Günün daha bir xəbəri indilərdə yayılıb, bəlkə də Moskvaya dron hücumunun effektini azaltmaq üçün deyilir, amma iddialara görə, yeddi aydır işğal altında olan Sudja rayon mərkəzinə Rusiya nəzarəti bərpa edib.

original-yjp.png (1.82 MB)

…Ukrayna danışıqları Putinin arzusuna baxmayaraq, tezliklə bitməyəcək, bu mümkün də deyil. Amma çox uzunçuluq da boş zaman sərfidir. Bizim 30 ilimizi aldılar. Bəlkə Ukrayna da 30 ildən sonrakı 44 günlük savaşa hazırlaşsın?

Daha çox xəbərlər