Tramp hökumətindən Bakıya ilk zəng – Amerikalı rəsminin işlətdiyi o bir SÖZ…
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə ABŞ rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts arasında ötən həftəsonu telefon danışığı olub. Bu, Tramp hökumətindən Bakıya ilk zəngdir. İki yüksək çinli məmurun söhbətində əsas mövzu isə Azərbaycan və Ermənistan sülh sənədi mətnini razılaşdırdıqdan sonra atılacaq addımlar olub.
“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu (ötən – red.) həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik müşaviri cənab Hikmət Hacıyevlə danışdım”.
Bunu Uolts sosial şəbəkə hesabında yazıb.
“Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Mən ona dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın qızıl dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”, – Trampın müşaviri əlavə edib.
Gözlənildiyi kimi, Mayk Uoltsun “məhbuslar” sözünə Ermənistanda o saat əlavə siyasi rəng verərək, onu həm də “əsirlər” kimi təqdim ediblər. Halbuki amerikalı rəsmi belə bir şey söyləməyib. “Məhbus” anlayışına gəlincə, bu, artıq cəza almış, həbsxanada yatan şəxsə deyilir, təcridxanada, istintaq altında olana yox.
Azərbaycanda ümumiyyətlə, erməni əsir və ya girov yoxdur. Hərbi əsirlər 44 günlük müharibədən dərhal sonra, 10 noyabr (2020) üçtərəfli sənədə uyğun şəkildə azad edilib. Ondan sonra sərhədyanı ərazimizdə diversiya törədən və buna görə layiqli həbs cəzaları kəsilmiş silahlı təxribatçılar isə müharibə qanunlarına görə əsir sayılmaz. Hazırda Baklıda məhkəməsi gedən xuntaçılar heç sayılmaz…
Beləcə, Azərbaycanda konkret cinayət əməlinə görə yatan erməni dustaqlar və bir də istintaqa altında olan, hərbi və bəşəri cinayətlərdə ittiham olunan separatçı-banditlər var. Deməli, Uolstun “məhbuslar” dediyi yalnız diversantlara aid edilə bilər. Onların sərbəst buraxılması isə müstəsna olaraq, dövlət başçısı İlham Əliyevin səlahiyyətində olan məsələdir.
Bu xüsusda Bakıya hər hansı təzyiq xarakterli çağırış və ya təzyiq cəhdi səmərəsiz və dalana aparan yoldur. Cənab Uolts buna Bayden hökuməti dönəminə nəzər salmaqla əminlik hasil edə bilər. Özünə hörmət qoyan heç bir dövlət konkret cinayət əməlinə görə azadlıqdan məhrum edilmiş şəxsləri elə-belə və ya sırf milli mənsubiyyətinə görə, yaxud xaricdən kiminsə istəyi, çağırışı il azad eləmir. Azərbaycan “banan ölkəsi” deyil…
Əlbəttə, nə vaxtsa iki qonşu ölkə arasında böyük sülh sazişi gerçəkləşəndən sonra, xalqlar arasında barışıq naminə Azərbaycan dövləti növbəti humanistliyə gedib erməni məhbusların müəyyən qismini sərbəst buraxa, yaxud amnistiya elan edə bilər. Ancaq Bakıdan asılı bir şey yox. Tələsməli olan İrəvandır. Çünki Azərbaycanın əsas şərti bəlli: sülh sənədindən öncə Ermənistan öz konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı Müstəqillik Aktına istinadı çıxarmalıdır!
Erməni dustaqların taleyi xeyli dərəcədə İrəvan hökumətinin öz əlində. Odur ki, Vaşinqton Paşinyan hökumətinin quru sülh ritorikasına necə gəldi inanmaqdansa, yaxşı olar real sülhə əsas əngəl olan bir məsələdə kapitulyant tərəfə təzyiq eləsin. Onun ardınca Bakıda saxlanılan ermənilərlə bağlı hansısa ümid işığı yarana bilər. Əks halda, yenə boşuna vaxt itkisi olacaq…