İran nüvə silahından imtina edir? – blef, yoxsa…
Analitik: “Xarici işlər naziri çox söz deyir, əməldə SEPAH onun dediklərindən fərqli siyasət yürüdür”
“Rəsmi Tehran nüvə silahını qəbuledilməz sayır”. “Yeni Müsavat” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib. Bununla da o, ölkəsinin ABŞ-la danışıqlardakı mövqeyini təkrarlayıb: “Problem nüvə silahındadırsa, bəli, biz də bu növ silahı qəbulolunmaz hesab edirik. Bu məsələdə rəsmi Vaşinqtonun mövqeyi ilə razıyıq”.
Bu arada, “Röyters” MAQATE-nin hesabatına istinadən məlumat yayıb ki, İran gizli şəkildə nüvə proqramı həyata keçirib. Məlumatda deyilir ki, İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb, bu da 24 kiçik məhsuldar nüvə bombası üçün kifayətdir. Qeyd olunur ki, İran bununla nüvə proqramının yalnız dinc xarakter daşıdığına zəmanət verə bilməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla nüvə anlaşmasının yaxında olduğunu bildirib. Belədirmi? İranın nüvə obyektlərinə hücum planının təxirə salındığını və müharibə təhlükəsinin sovuşduğunu söyləmək olarmı? Doğrudanmı İran nüvə silahı yaratmaq hədəfindən vaz keçir, yoxsa bu bir taktiki gediş, blefdir?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, İranın nüvə silahı istehsalı ilə bağlı məsələsi ziddiyyətlidir: “İran nüvə silahı istehsal etmək fikrində olmadığını dəfələrlə bəyan edib. Qərb ölkələri, ABŞ, İsrail və digərlərinin isə iddiası bundan ibarətdir ki, İran nüvə silahının yaradılmasına yaxındır və bu istiqamətdə çox dərin proses gedir. “Röyters”in yaydığı məlumat da yəqin buna əsaslanır. İran nüvə proqramından, uranın zənginləşdirilməsi proqramından imtina etmək fikrində deyil. Tehran bunu özünün haqqı hesab edir və bu məsələdə də Qərblə mövqeyində kəskin ziddiyyət var”.
A.Quliyevin sözlərinə görə, Qərb ölkələri belə hesab edir ki, İrana zənginləşdirilmiş uran lazımdırsa, onu başqa yerdə özləri istehsal edib bu ölkəyə verə bilərlər: “Ancaq İran belə hesab edir ki, özünün müstəqil bir dövlət olaraq uranın dinc məqsədlərlə zənginləşdirilməsi texnologiyası və sənayesi olmalıdır. Ona görə də İran özündə uranı zənginləşdirmə proqramına sahiblənməlidir. Bu məsələdə mövqelər bir-biri ilə o qədər kəskin şəkildə fərqlənir ki, Qərblə Tehranın nə vaxtsa razılığa gələcəyi mümkün görünmür. Birləşmiş Ştatların müdafiə naziri də bugünlərdə açıq şəkildə dedi ki, İranın uranı hətta bir faiz də zənginləşdirməsini istəmirik. Amma MAQATE-nin ortaya qoyduğu faktlar belə deməyə əsas verir ki, İranın təxminən yarım tona qədər 60 faiz səviyyəsində zənginləşdirilmiş uranı var”.
Ekspertin fikrincə, hazırda ABŞ-la İsrail İranın nüvə obyektlərinə zərbə endirməkdən çəkinir: “Çünki nüvə obyektlərinə vurulan zərbələrin region üçün hansı nəticələr yaradacağı bu başdan bəlli deyil. Üstəlik, bu güclər İranın uranın zənginləşdirilməsi proqramı və texnologiyasına malik olmasını həzm edə bilmirlər. Belə şəraitdə münasibətlərin uzun müddət gərgin qalacağını söyləmək mümkündür. Açığı, burada ABŞ-ın və İsrailin güzəştə gedəcəyi də real görünmür. Ona görə də diplomatik savaş davam edəcək. İran prosesləri uzatmaq, beləliklə uranın daha dərindən zənginləşdirilməsi ilə bağlı bir qədər vaxt əldə etmək fikrindədir”. Ekspertin qənaətinə görə, Tehranın nüvə obyektlərinə zərbə vurulacağı təqdirdə İranın hansı cavab tədbirləri görəcəyi həmin dövlətləri çəkindirir.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, nüvə proqramı məsələsində İranın verdiyi vəd və əməlləri arasında böyük fərq var: “Əvvəllər də belə hallar olmuşdu ki, İran rəsmiləri uranı zənginləşdirmədiklərini, yalnız müəyyən miqdarda tibbi məqsədlərlə zənginləşdirdiklərini deyirdilər. Ancaq həmin vaxt BMT-də peykdən çəkilən şəkillər yayılmışdı və o şəkillərdən ən azı iki mərkəzdə uranın zəngiləşdirilməsi çalışmalarının davam etdiyi aydın olmuşdu. İndi də buna bənzər faktlar üzə çıxır. Baxmayaraq ki, İran rəsmiləri bu gün də deyirlər uranı zənginləşdirmirlər, MAQATE-nin əlində yeni faktların olduğu barədə məlumatlar yayılır. İranda uranın zənginləşdirilməsi ilə bağlı birmənalı mövqe də yoxdur. İran xarici işlər naziri çox söz deyir, amma əməldə görürük ki, SEPAH onun dediklərindən fərqli siyasət yürüdür. SEPAH bu məsələdə də nə prezidentlə, nə də xarici işlər naziri ilə hesablaşmaya bilər. Ona görə də danışıqlarda irəliləyiş əldə olunmur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”