Region Xəbərləri 

Heydər Əliyevin xilaskarlq missiyası-Milli Qurtuluş Günü

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğal olunması, xalqın öz vətənində qaçqın–köçkün vəziyyətinə düşməsi, insanlığa sığmayan Xocalı soyqrımı xalqı çıxılmaz vəziyyətə salmışdı. Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi yaranmışdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.
Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı.
3 oktyabr 1993 – cü il tarixdə Azərbaycanda keçirilən Prezident seçkilərində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan xilas edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı.
Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”
Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur.
Beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin carçısı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrinin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir.
Ulu Öndər Heydər Əliyev mühüm demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı idi. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabər hüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ümummilli Liderin siyasi fəaliyyəti deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini öncədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanır.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir.
Əziz xalqım, bayramınız mübarək !
Arifət Əhmədova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru.

Daha çox xəbərlər