MİLLİ ORDUMUZUN İNKİŞAF TARİXİ
Ordu tarixən dövlətin formalaşmasını şərtləndirən başlıca atributlarından olmuşdur. Bu aspektdən baxıldıqda Azərbaycan tarixi-coğrafiyasında ilk ordu quruculuğunun ilk dövlət qurumlarının formalaşdığı dövrdə – e.ə. III minillikdə başladığı şübhəsizdir. Təqribən 5 min illik bir zaman kontekstini əhatə edən hərb tariximiz Manna, Albaniya, Atropatena, Səfəvilər, Azərbaycan xanlıqları dövrlərindən Azərbaycan Demokratik Respublikasının yaradılmasına qədər enişli-yoxuşlu inkişaf yolu keçmişdir. Lakin milli ordu olaraq yaradılması 1918-ci il 26 iyun tarixində başlamışdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmiş və rəsmi dövlət bayramı kimi qeyd edilir.
Həmin tarixdən keçən 107 ilə nəzər saldıqda bu tarixdən əvvəlki minillərə bərabər inkişaf yolu qət edildiyini görmək heç də çətin deyil. Bu inkişaf tarixində XX əsrin 70-ci illərindən başlayaraq həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ordu quruculuğunda həyata keçirilən ən mühüm tədbirlərdən biri ölkəmizdə milli hərbi kadrların hazırlanması olmuşdur. 1971-ci ildə böyük zəhmətlər bahasına da olsa, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması bunun bariz nümunəsi idi. Lakin tarix göstərirdi ki, ordunun güclü olması vətənpərvərlik hissi ilə yanaşı, düzgün idarə olunmasından və birlikdən keçir. Müstəqilliyin ilk illərində torpaqlarımızın bir hissəsinin işğal edilməsi birlik və nizam-intizam kimi bu vacib faktorların olmamasından qaynaqlanırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dağınıq qruplaşmaları ləğv edərək nizami ordu quruculuğu prosesinə start vermiş, bunun üçün daha bir vacib məqamlardan olan sabitliyin təminatı üçün 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalanmışdır.
Milli hərbi kadr ehtiyatının formalaşdırılmasına hədəflənmiş 20 fevral 1999-cu il, 20 avqust 2001-ci il tarixli Prezident fərmanları ilə ordumuzun beynəlxalq standartlara uyğunlaşdırılmasına da yol açmışdır. Belə ki, 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmasının nəticəsi olaraq Azərbaycan ordusu NATO proqramlarında iştirak edərək mənimsədikləri ən son hərbi yenilikləri Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda sınaqdan keçirən və Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızı azad edərək tariximizin qürur dolu yeni səhifəsini yazan güclü orduya çevrilməklə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Ordusunun müasir inkişaf tarixinə XXI əsr intensiv böyümə mərhələsi kimi daxil olmuşdur. Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilmiş tədbirlər xüsusi yer tutur. Belə vacib əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycanda hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsullarının nümayiş olunması ordumuzun silah-sursat potensialının üstün səviyyəsindən xəbər verir. Bu potensial 2016-cı ilin aprel döyüşlərində Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsinin azad edilməsində, 2018-ci ilin mayında Günnüt zəfərində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndinin düşməndən azad edilməsində, 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq 5 şəhər, 4 qəsəbə və 300-dək kəndin işğaldan azad edilməsində və 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinə qarşı qətiyyətli anti-terror əməliyyatı ilə suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsində özünü uğurla təsdiqləmişdir.
Əlbəttə ki, bu qələbələr qurbansız olmamışdır. Lakin Azərbaycanın suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimiz, sağlamlığını fəda etmiş vətənpərvər qazilərimiz hər zaman dövlət qayğısı və xalq məhəbbəti ilə əhatə olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi bu ali diqqətin təcəssümüdür. Bununla yanaşı Ordunun sosial-iqtisadi təminatı başlıca prioritet məsələlərdən olmuşdur. Prezident İlham Əliyevin göstərişinə əsasən 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmış, 2025-ci il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır. Bu tədbirlərlə yanaşı orduda aparılan maarifləndirmə işi, vətənpərvərlik ruhunun gücləndirilməsi də yüksək səviyyədə davam etdirilmişdir.
Azərbaycan ordusunda vətənpərvər ruhun möhkəmləndirilməsində əvvəlki illərdə yaradılan hərbi təhsil müəssisələrinin təkmilləşdirilməsi, yeni standartlar çərçivəsində formalaşdırılan hərbi məktəblər mühüm rol oynayır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universitetinin və onun tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kollecinin təşkili, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilməklə Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitututlarının yaradılması, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirməsi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Liseyin Milli Müdafiə Universitetinin nəzdində daha təkmilləşdirilmiş şəkildə fəaliyyətinin qurulması müasir düşüncəyə, yüksək intellektə və ən başlıcası güclü patriotizmə malik olan yeni bir hərbi nəsil formalaşdırmaqdadır. Bu qəhrəman ordunun gəldiyi yüksək məqamı ən yaxşı şəkildə ifadə edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”. Bu qüruru bizlərə yaşadan Müzəffər Ali Baş Komandanın qalib ordusunun şəhid qəhrəmanlarını rəhmətlə anır, qazilərinə, eləcə də hərbi xidmətdə və ehtiyatda olan qüvvələrinə isə sağlamlıq, Vətənimizin qorunması və inkişafı yolunda yeni-yeni uğurlar arzu edirik.
Zeynəb Quliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
tarix elmləri doktoru