Siyasət 

ABŞ-ın Bakıdakı səfirliyi qapalı rejimə keçdi

Müstəqillik günü qəbulu təxirə salındı, səfir təyinatının nə vaxt olacağı da bilinmir 

ABŞ-ın Bakıdakı Müstəqillik Günü qəbulu təxirə salınıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. “27 iyun 2025-ci il cümə gününə planlaşdırılan ABŞ Müstəqillik Günü qəbulunun bölgədəki son hadisələrə görə təxirə salındığını təəssüflə bildiririk”, – məlumatda qeyd edilib.

ABŞ hüquq-mühafizə orqanları İranın nüvə obyektlərinin bombalanmasından sonra ölkə daxilində təhlükəsizliyi gücləndirib.

Dünyadakı bütün amerikalılara göndərilən və Dövlət Departamentinin saytında yerləşdirilən xəbərdarlıqda xaricdəki bütün ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb. ABŞ-ın Bağdaddakı səfirliyi və Ərbildəki konsulluğu təxliyyəni davam etdirir.

Qeyd edək ki, Azərbaycandakı ABŞ səfirliyində müavin vəzifəsini icra edən Mark Hernandes və səfirliyin bir qrup əməkdaşı ötən həftəsonu Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə gedib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki səhifəsində məlumat verilib.

Səfirliyin bəyanatında deyilirdi: “ABŞ səfirliyi ABŞ vətəndaşlarının ölkəyə daxil olmasında Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir. Amerikalıların təhlükəsizliyi və onların ölkəyə təhlükəsiz girişi bizim əsas prioritetimiz olaraq qalır”.

Missiya rəhbərinin müavini vəzifəsini icra edən Mark Hernandes və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə gedib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Səfirliyin bəyanatında deyilir: “ABŞ səfirliyi ABŞ vətəndaşlarının ölkəyə daxil olmasında Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir. Amerikalıların təhlükəsizliyi və onların ölkəyə təhlükəsiz girişi bizim əsas prioritetimiz olaraq qalır”.

Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfiri postu artıq 6 aya yaxındır ki, boşdur. Yada salaq ki, Mark Libbi yanvar ayında səhhətində olan problemlərlə əlaqədar istefa verib. Hələlik ABŞ-ın Azərbaycanda səfiri yoxdur.

Qeyd edək ki, bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını gecikdirib. Buna səbəb kimi Senatda olduqca güclü təsirləri olan erməni lobbisinin fəaliyyəti göstərilir. 2009-cu ilin yanvarında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatdı. Növbəti səfir Riçar Morninqstarın təyinatı bundan 3 il sonra təsdiqləndi.

Ekspertlərə görə, Azərbaycan Tramp administrasiyası ilə qarşılıqlı işgüzar əlaqələr qurub və ABŞ-ın səfir təyinatının bu dəfə də uzanmasının heç bir əsası yoxdur. Amma regionda yaranmış hədsiz gərginliyin indi İrana qonşu dövlətlərə sıçraması ehtimalı  da var. Səfirliyin xəbərdarlığı da onu göstərir ki, Vaşinqton indiki gərginliklər fonunda, həm də dinclik və stabillik hökm sürən ölkəyə diplomatlar göndərməsinin daha da yubanacağı gözlənilədir.

ABŞ-ın səfirlikdə təhlükəsizlik tədbirini gücləndirməsi Azərbaycanın müsəlman ölkə olması amili ilə bağlıdır, yoxsa…

Vüqar İsgəndərov

Milli Məclisin deputatı Vüqar İsgəndərov yaxın zamanlarda ABŞ-ın Azərbaycana səfir təyin edəcəyini düşünür: “Dünyada baş verən hadisələr siyasi palitranın formalaşması və konkret olaraq Azərbaycanın qonşuluğunda olan İranda yaşanan qarşıdurma, eləcə də buraya Amerikanın da qoşulması bu ölkənin daxilində və xaricində fəaliyyət göstərən qurumları ilə bağlı təhlükəsizlik tədbirləri görülməsini zəruri edir. İyunun 27-də təşkil olunacaq tədbirin təxirə salınması təbii ki, bu məsələdən qaynaqlanır. Amerika xarici ölkələrdəki səfirliklərinin təhlükəsizliyini gücləndirib. Azərbaycan da bu istiqamətdə üzərinə düşən işləri uğurla icra etməkdədir. Amerikanın belə tədbirləri keçirməkdə ehtiyatlı olması tam başadüşüləndir. Bu həmin dövlətin öz daxili məsələsidir. Kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyətlər kütləvi xarakter daşıyır. Bu savaş bitəndən sonra səfirlik və konsulluqlar təbii ki, əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcəklər. Hamımız bilirik ki, ABŞ-ın ölkəmizdəki səfir postu boşdur. Yaxın zamanlarda Amerikanın bu boşluğu aradan qaldıracağını düşünürəm”.

Azərbaycan-Amerika münasibətləri xüsusi önəm daşıyacaq"-Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, İsrailin İrana qarşı müharibəsi, həmçinin ABŞ-ın İranın nüvə mərkəzlərinə hücumu geniş eskalasiyaya gətirib çıxardı: “İran ABŞ hərbi bazalarına hücum etdi. Bu, regionda geosiyasi müharibədir və Azərbaycan da İranla həmsərhəddir. ABŞ İranla müharibə şəraitində olduğu üçün diplomatik korpuslarının təhlükəsizliyini gücləndirib. Məhz Körfəz ölkələrindən və İraqdan diplomatik korpuslarını boşaldıb. Bu, onları İranın mümkün hücumlarından qorumaq üçün atılan addım idi. Azərbaycanda ABŞ Müstəqillik Gününün keçirilməsinin ləğvi əsasən təhlükəsizlik problemlərindən irəli gəlib. Həmçinin müsəlman ölkəsi olması da burada əsas amillərdən biridir. Amma Azərbaycan bu müharibədə neytraldır. Beynəlxalq hüquqa uyğun olaraq mövqeyini ifadə edib. Həmçinin Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir. Əgər belə bir tədbir keçirilsəydi, heç bir problem olmayacaqdı. Görünür, ABŞ Azərbaycanın müsəlman ölkəsi olmasından bunu edib. Ola bilər ki, Bakıdakı səfirlik əməkdaşlarını köçürə bilərdi. Ona görə tədbiri ləğv edib. Azərbaycan ABŞ-la əməkdaşlığın inkişafında maraqlıdır. Bu istiqamətdə ciddi addımlar atır. Amma ABŞ Azərbaycana səfir təyin etməyib. Halbuki Cənubi Qafqazda aparıcı ölkə Azərbaycandır. Düşünürəm ki, ABŞ bu il ərzində Azərbaycana səfir təyin edə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər