26 iyun ‒ Zəfər Ordusu Günü
“Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.
Heydər Əliyev
Azərbaycan Xalqının Ümummilli Lideri
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün ‒ 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. Xalqımız 27 ildir ki, bu tarixi günü rəsmi dövlət bayramı kimi böyük coşğu və təntənə ilə qeyd edir.
Müstəqilliyimizin və dövlətçiliyimizin ən mühüm atributu olan ordu quruculuğu prosesi Azərbaycanda çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918‒1920-ci illərdə nizami milli ordu hissələri formalaşdırılsa da, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı prosesin tamamlanmasına mane olmuşdu. Milli ordu hissələrinin ləğvi, sovetləşmə Azərbaycanın ordu strategiyasını sıradan çıxarmış, SSRİ dövründə 1970-ci ilə qədər milli zabit korpusunun formalaşdırılması işi, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsi, hərbi tədrisin təşkili məsələləri tamamilə sıradan çıxarılmışdı.
Azərbaycanda milli ordu quruculuğunun dayanıqlı möhkəm əsasları yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövrdə qoyulmuş, onun uzaqgörən dühası sayəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Ümummilli Liderin sovet imperiyasının hökmran olduğu həmin mürəkkəb və çətin dövrdə qəbul etdiyi ən mühüm cəsarətli tarixi qərarlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olmuşdur. Heydər Əliyev həmin dövrdə milli zabit kadrlarının hazırlanmasını olduqca vacib və milli məsələ hesab edərək bildirirdi ki, “Biz milli hərbi kadrlara malik olmasaq, bunu gələcək nəsillər bizə bağışlamaz”.
Heydər Əliyev yerli kadr hazırlığını gələcək müstəqil dövlətin milli-strateji hədəflərindən biri kimi görürdü. Həyatını riskə ataraq sosialist ideologiyasının təzyiq və təhdidlərinə rəğmən, bu şərəfli işi inkişaf etdirirdi. Azərbaycanın vətənpərvər oğullarının cəlb olunduğu bu tədris ocağına qarşı müxtəlif təzyiq və təhdidlər isə səngimirdi, hərbi məktəbin qurulmasından cəmi bir il sonra SSRİ rəhbərliyi tədrisi dayandırmağa çalışsa da, Heydər Əliyev qəti əzmkarlığı, dərin iradəsi ilə bu təhlükələrin qarşısını alındı. “Mən hər dəfə onların cavabını verirdim. Axırda Moskvaya getdim, ən yüksək səviyyədə bunu müzakirə etdim. O səviyyədə mənim arqumentlərimə etiraz etmək mümkün deyildi. Amma yüksək səviyyədə mən məntiqlə danışanda, onlar da məntiqlə danışmalı idilər. Məni aldatmaq olmaz. Beləliklə, mən məktəbi bu bəlalardan xilas etdim” deyən Ulu Öndərin sarsılmaz gücü sayəsində bu peşəkar hərbi məbəd qorunub saxlandı.
Ulu Öndər gələcəyin milli ordusunu yetişdirirdi. O bu barədə qeyd edirdi: “Mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi, nə vaxt da olsa, müstəqillik olacaqdır. Məhz ona görə də, bax, bizim bu günümüzə görə də, müstəqillik dövrümüzə görə də mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm”.
Heydər Əliyevin hərbi zəkasının digər bir təntənəsi azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsilinin təmin olunması, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə təhsil almaları idi. Minlərlə azərbaycanlı gəncin keçmiş İttifaqdakı ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalarda təhsilə yiyələnmələri və kadr kimi yetişmələri müstəqil və nizami ordu quruculuğu sahəsində əsaslı zəmin oldu. Həmin illərdə təməli qoyulmuş zəngin kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra milli Silahlı Qüvvələrin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı, mütəşəkkil, qüdrətli və nümunəvi ordu yaradılmasını təmin etdi. Məhz 70‒80-ci illərdə yaradılan ordu arxitekturası müstəqil Azərbaycanın Zəfər hərbiyyəsinin formalaşmasında əsaslı rol oynadı.
Təəssüf ki, Ümummilli Liderin ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-dəki yüksək vəzifəsindən istefa verməsindən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi orduda da dağınıqlıq başlandı, həmin illərdə ölkəyə rəhbərlik edən səriştəsiz qüvvələrin ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilməməsi, yol verilən kobud səhvlər ordu strategiyasını tamamilə iflic etdi. Ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrin özbaşınalığı nəticəsində Azərbaycanın müdafiə qabiliyyəti itirilərək torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğalına gətirib çıxardı, milli dövlətçiliyin itirilməsi təhlükəsi yarandı. Belə bir ağır və kritik məqamda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesini yenidən bərqərar etdi, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırdı.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilənin imzalanmasından sonra Azərbaycan Milli Ordusu struktur və keyfiyyətcə yeni mərhələyə daxil oldu. Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndərin kadrları olan vaxtilə ittifaq respublikalarına üz tutmuş minlərlə hərbçi Vətənin dar günündə xilas harayına səs verərək geri döndülər.
Heydər Əliyevin 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında imzaladığı Fərman peşəkar kadr hazırlığı institutunun formalaşmasını daha da təkmilləşdirdi. 2001-ci il 20 avqust tarixli Fərmanla Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı və kadr institutlaşmasını gücləndirdi.
O, doğma və əziz övladı adlandırdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə isə xüsusi diqqət və qayğı ilə yanaşaraq 1998-ci və 2003-cü illərdə 25 və 30 illik yubileylərinin dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunması haqqında fərmanlar imzaladı ki, bu da şanlı hərb tariximizə olan xüsusi ehtiramın nümunəsi idi.
Azərbaycan hərbçilərinin NATO-nun “Sülh naminə tərəfdaşlıq”, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşularaq ən son hərbi yenilikləri mənimsəmələri, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovo və Əfqanıstanda zəngin təcrübə qazanmaları Ordumuzun modernləşməsini möhkəmləndirdi.
Heydər Əliyevin əzəli arzusu yaratdığı Orduya arxalanaraq müstəqil dövlətin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını təmin etmək idi. “Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik” deyən Ulu Öndər 2003-cü il aprelin 21-də adını daşıyan indiki Heydər Əliyev Sarayında Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş mərasimdə şəxsi heyətə Ali Baş Komandan kimi son tövsiyələrini, nəsihətlərini verdi. 2003-cü il iyunun 24-də isə əsgər və zabitəlilərə, şəxsi heyətin üzvlərinə müraciət edərək ordumuzun öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini, dərin inamını ifadə etdi.
Ümummilli Liderin müqəddəs arzusunu yetişdirdiyi möhtərəm və yenilməz Sərkərdə İlham Əliyev başa çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunda ali missiyanı bir nömrəli hədəfə ‒ Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına yönəldərək bütün gücünü Zəfər Ordusunun qüdrətlənməsinə sərf etdi.
2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı sürətli əks-hücum əməliyyatı düşmənin ağır məğlubiyyətə uğramasına səbəb olmaqla, Silahlı Qüvvələrimizin qələbə əzmini nümayiş etdirdi. Bu döyüşlər 4 il sonra şanlı tariximizə yazılacaq parlaq Zəfərin müjdəsi idi. “Aprel döyüşləri”ndən iki il sonra ‒ 2018-ci ilin mayında Günnüt zəfərinin qazanılması və Naxçıvan Muxtar Respublikası sərhədi boyunca əlverişli mövqelərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi isə artıq Ordumuzun qarşısıalınmaz hərbi rəşadətindən xəbər verirdi.
Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə başlatdığı 44 günlük Vətən müharibəsi 30 illik müqəddəs arzunun ‒ Qələbə təntənəsinin əbədiliyini qazandırdı. Azərbaycan Silahlı Qüvvələri noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad edərək Ermənistanı kapitulyasiyaya məhkum etdi.
2020-ci il dekabrın 10-da Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilən möhtəşəm Zəfər Paradı Azərbaycan Silahlı Qüvvələrinin gücünü və möhtəşəmliyini dünyaya nümayiş etdirdi.
Ordumuzun qüdrəti dünyaya səs saldı, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. Nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.
2023-cü il sentyabrın 19-da həyata keçirilən anti-terror tədbirləri ilə Qarabağda gizlənmiş erməni silahlı qüvvələri və qanunsuz rejimi əbədi məhv edildi, Azərbaycanın suverenliyi və Konstitusiya quruluşu tamamilə bərpa edildi.
Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm şücaətini və qəhrəmanlıq şöhrətini layiqincə dəyərləndirdi, Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medalın təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. Habelə, hərbçilərin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması davamlı siyasət ön planda saxlanıldı, dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq Orduda 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillərlə təmin olunması siyasəti daha da gücləndirildi, hərbçilərin maaşları müntəzəm olaraq artırıldı.
Azərbaycan zəfərin yeni səhifəsi olan yeni ordu quruculuğu istiqamətində tədbirləri davam etdirir, Vətən müharibəsində qazanılmış təcrübəyə əsaslanaraq çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələr ‒ Komando hərbi hissələri yaradılır. Eyni zamanda, hərbi təhsil və tədrisə yeni baxış və yanaşmanın tətbiqi kimi 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Silahlı Qüvvələrin Hərbi Akademiyasının maddi-texniki bazası əsasında Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə İnstitutları yaradılıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. “Gənclərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024-2033-cü illər üçün Tədbirlər Planı”nın layihəsi bu istiqamətdə yeni strateji baxışları əks etdirir.
Milli Ordumuzun Türkiyə Ordusunun modeli əsasında yenidən qurulması hədəflənən ordu quruculuğu strategiyasında yer alır. Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsinin önəmli maddələri bu istiqamətdə əsas prioritetləri nəzərdə tutur. Həmçinin, daim beynəlxalq arenada ölkəmizi dəstəkləyən Pakistan ilə imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” da hərbi müttəfiqliyi gücləndirir.
Bütün bu genişmiqyaslı tədbirlərin hər biri Cənubi Qafqazın iqtisadi güc mərkəzi olan Azərbaycanın yerli imkanları hesabına təmin olunur, bu gücün təzahürlərindən biri 2025-ci ildə büdcədə müdafiə və təhlükəsizlik xərclərinin 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmasıdır. Bir sözlə, Azərbaycan regionun ən güclü ordularından birinə sahib olmaqla, hərbi-müdafiə qüdrətin daha da möhkəmləndirməkdədir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş bu yazımı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin fikirləri ilə yekunlaşdırmaq istərdim: “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Ramid Namazov,
Milli Məclisin deputatı