Cəmiyyət 

Cümşüdün faciəvi ölümünə cavabdeh olanlar – onları hansı cəza gözləyir?

Bakıda kanalizasiyaya düşərək həyatını itirən gəncin ölümü ilə bağlı cinayət işi başlandı, əraziyə məsul qurumun adı açıqlandı – hüquqşünasdan çağırış

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb. Bir gəncin belə faciəvi ölümü cəmiyyətdə dərin təəssüf hissi, eyni zamanda hiddət doğurub. Çünki o, videodan da göründüyü kimi, faktiki başqalarının səhlənkarlığının qurbanı olub. Bu arada Cümşüdlünün işlədiyi SAB şirkəti sosial şəbəkə hesabında paylaşım edərək, Cümşüdün nümunəvi və məsuliyyəti əməkdaş olduğunu qeyd edib: “Dərin hüznlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəvi şəkildə vəfat edib. Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq”.

AzTV də sözügedən hadisə ilə bağlı ərazidən süjet hazırlayıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb. Sözügedən hadisə nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. “Yeni Müsavat” bildirir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.  Məlumata əsasən, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları hadisə yeri və meyitə baxış keçirib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.

Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.

Hüquqşünas alim qızıl medalla təltif olundu | Modern.az

Əlövsət Allahverdiyev

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Cümşüd Cümşüdlünün kanalizasiya quyusuna düşməsi faktı ilə bağlı məsuliyyətin kimə aid olduğunu müəyyən etmək üçün hadisənin hüquqi və faktiki tərəfləri araşdırılmalıdır. Hüquqşünas vurğuladı ki, ilk növbədə hadisənin başvermə səbəbləri araşdırılmalı və məsuliyyət məsələləri müəyyən olunmalıdır: “Hesab edirəm ki, ilk növbədə məsuliyyət bölünməlidir. Birincisi, kanalizasiya sisteminə texniki xidmət göstərən qurum məsuliyyət daşıyır, ikincisi həmin yeri qazıb açıq saxlayan podratçı təşkilatın məsuliyyəti qaçılmazdır. Üçüncü növbədə isə quyunun yerləşdiyi ərazi üzrə bələdiyyə və ya icra hakimiyyətinin məsuliyyəti də istisna olunmur. Əgər sübut olunsa ki, hadisə səhlənkarlıq səbəbindən baş verib, bu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən məsuliyyət qaçılmazdır.

314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda -min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.3. Bu məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda -üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, “Baksol” yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilib ki, hadisə agentliyin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb: “Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur.

Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin başvermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.

Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə bildirir ki, hadisənin hansı səbəblərdən baş verməsi haqqında araşdırma aparılır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Daha çox xəbərlər