Ağdamda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib – VİDEO
Ağdamın Quzanlı qəsəbəsində Qərbi Azərbaycan İcmasının, Ağdam Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib. Məlumat verilib ki, kitab indiki Ermənistan Respublikası ərazisində vaxtilə azərbaycanlıların dəfn olunduğu 201 qəbiristanlığın peyk vasitəsilə tədqiqini, tarixi-müqayisəli təhlilini və monitorinqini özündə əks etdirir. Tədqiqatların aparılması üçün bir sıra ölkələrin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi həyata keçirilib.
Çıxışlarda Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizlikdən bəhs edən kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olduğu vurğulanıb. “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının ilk nəşri olaraq Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilən bu kitab xalqımızın bu əzəli torpaqlarla bağlı hüquqi mövqeyinin əsaslandırılmasında mühüm rol oynayacaq. Kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.
Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və bu torpaqlarda yaşamış azərbaycanlıların məruz qaldığı ədalətsizlikləri əks etdirən və azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində Ağdam Muğam Mərkəzinin foyesində Qərbi Azərbaycan mövzusuna aid rəsmlərdən, nəşr olunmuş kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.