Tarix, zaman, məkan! – TƏHLİL
Varisliyə sadiqliklə lider qətiyyətinin vəhdəti
Azərbaycanın müstəqilliyi naminə «Azadlığa Dəstək Aktı»na 907-ci düzəliş də daxil olmaqla ölkəmizə qarşı ədalətsiz münasibətlərə qarşı qətiyyət göstərən Ulu Öndər Heydər Əliyevin ideyalarının qalib gəldiyini bildirən Prezident İlham Əliyev liderlik fəlsəfəsini təzələdi
Tarixdə adı həmişə yaşayan, xalqına və dövlətinə xidmətləri ilə seçilən, çətin məqamlarda xalqı arxasınca apara biləcək qüdrətə malik öndərlər müasirləri olduqları zamanın salnaməsini də yazırlar. Çörçill ingilislərə, Ruzvelt amerikalılara , Adenauer almanlara , Şarl de Qoll fransızlara, Mustafa Kamal Atatürk türklərə haqq-ədalət yolunda bələdçilik etdilər. Dahi şəxsiyyət Heydər Əliyev də Azərbaycan xalqının taleyinin həll olunduğu məqamlarda xilaskarlıq missiyasını yerinə yetirdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan, Ermənistanın ölkəmizə elan olunmamış müharibəsini diplomatiya cəbhəsinə keçirən, «Əsrin müqaviləsi»ni gerçəkləşdirməklə iqtisadi böhran içərisində qalan Azərbaycanı dünyada tanıdan, zəngin tövlətçilik təcrübəsi, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı ilə ölkəsinin müstəqilliyini əbədiləşdirən Ulu Öndər Heydər Əliyev ən çətin məqamlarda Azərbaycanı informasiya blokadasından çıxardı. O, xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə ilk olaraq artıq tarixin zibilliyinə atılmış Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini, Ermənistanın torpaqlarımıza təcavüzünün ağır nəticələrini, beynəlxalq separatizmin və terrorçuluğun bəşəriyyət üçün təhlükəsini dəmir məntiqi ilə tərəf-müqabillərinə çatdırırdı. Fikrini «Əgər dünya ədalətlidirsə, təcavüzkarı və təcavüzə məruz qalanı fərqləndirməlidir» reallığı əsasında yormalaşdırırdı. Həmsöhbətinə yorulmaq bilmədən, bəzən eyni fıkri dəfələrlə təkrar etmək məcburiyyətində qalsa belə sınaqdan çıxmış diplomatiyasının xarakterik xüsusiyyətlərindən olan inandırma metodundan bacarıqla istifadə edirdi. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə haqq qazandırmaq üçün «xalqların öz müqəddəratını təyin etməsi” prinsipindən» spekulyativ formada istifadə edənlərə və onların havadarlarına çox açıq formada deyirdi: «Bu prinsip hər hansı bir etnik icmanın öz müstəqilliyini özbaşına elan etmək və başqa dövlətin tərkibinə daxil olmaq hüququ kimi yozulması ilə pərdələnir. Öz müqəddəratını təyin etmək hüququnun bu cür yozulması dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə kəskin ziddiyyət təşkil edir.» Məqamına, məkanına görə kiminlə, hansı dildə danışmağın üsullarını dünyagörüşü, polemikadan sərbəst istifadə bacarığı ilə seçilən, kamil biliyə malik dahi şəxsiyyət Heydər Əliyev siyasi arenada heç vaxt müdafiəçi rolunda oynamırdı. Özünəimam metodundan istifadə edərək hücum taktikasına üstünlük verirdi. Böyük öndər həlledici anlarda həlledici məqamları elə incəliklə seçir, öz fikrini diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə elə çatdırırdı ki, bunu yalnız O, edə bilərdi. Ulu Öndərin siyasi fəaliyyətində belə diplomatik gedişlər çox olsa da, bugünümüz üçün xarakterik olan bəzi məqamları xatırlatmaq yerinə düşər.
…1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana kömək etməmək barədə ədalətsiz «Azadlığa Dəstək Aktı»nın 907-ci maddəsinə əlavə edilmişdir. Səbəb kimi guya Azərbaycanın Ermənistanı blokadaya alması göstərilsə də, əslində ölkəmizi ABŞ tərəfindən nəzərdə tutulmuş köməkdən məhrum etmək idi. Havadarlarından dəstək alan Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 300 minə yaxın soydaşımızın Qərbi Azərbaycandan zorla çıxarıldığı, bir milyondan artıq azərbaycanlının doğma torpağından məcburi köçkün düşdüyü o günlərdə erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı ədalətsiz yanaşma ilə ölkəmizə qarşı ikili standartların əsası qoyuldu . ABŞ Demokratlar Partiyasından olan senator Con Porterin təklifi ilə hazırlandığına görə «Porter əlavəsi» adlandırılan həmin qanun layihəsində 1997 – ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə Dağlıq Qarabağ ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. Yəni, qanunun qüvvəyə minəcəyi təqdirdə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın ərazi bütövlüyünün ABŞ Konqresi tərəfindən şübhə altına alınması təhlükəsi yaranırdı. Həmin müddətdə Azərbaycanın 907-ci dəyişikliyin tamamilə ləğvi ilə bağlı təklifinin qarşılığında «Porter əlavəsi» adlandırılan sənədin ortaya çıxması Azərbaycana kömək əvəzinə, ona yeni bir zərbə idi. «Yenə də qeyd edirəm, əgər qəbul olunan hər bir qərar, yaxud da ki, tədbir, – kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq, – ədalətli olsa, ona etiraz etmək mümkün deyildir. Ancaq ədalətsiz qərarla barışmaq olmaz» sözləri ilə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasını əks etdirən sənədin qəbuluna etirazını «Ancaq şəxsən mənim siyasətimin və ümumiyyətlə bizim siyasətimizin mənası təkcə ondan ibarət deyil ki, 907-ci maddəyə edilən düzəlişi aradan qaldıraq ki, bizə yardımçı olasınız. Biz indiyə qədər bu yardımsız yaşamışıq, bundan sonra da yaşayarıq. Ermənistana bizə edilən yardımdan on dəfə artıq yardım göstərmisiniz. Biz buna da dözürük. Amma bizi narahat edən ədalətsizlikdir. Mənim də etirazım Azərbaycana qarşı olan ayrı-seçkiliklə əlaqədardır. Biz buna dözə bilmirik. Eybi yoxdur, yardım olmasa da yaşayacağıq» sözləri ilə bildirən dahi şəxsiyyət Heydər Əliyev ən çətin məqamlarda belə dövlətçiliyimizi , milli maraqlarımızı xarici müdaxilələrdən qorumağı bacardı. Ulu Öndər Heydər Əliyev o zaman ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi yanına çağıraraq ona bu məsələyə görə ciddi narahat olduğunu bildirmişdi. ABŞ siyasi dairələrində də bu əlavənin zərərli mahiyyəti təsdiqlənirdi. « Porter əlavəsi»nə dəyişiklik edilərək artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağı Azərbaycandan ayrı, müstəqil tərəf kimi göstərən ifadə «Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycana yardım» formasında yazıldı. ABŞ-da güclü mövqeyə malik erməni icması və lobbisinin müqaviməti nəticəsində həmin qanunun tam ləğvinə nail olunmasa da 1997-2000-ci illərdə Birləşmiş Ştatlar tərəfindən Azərbaycana məhdud da olsa müxtəlif yardımlar göstərildi. Dahi şəxsiyyət Heydər Əliyevin cəsarətli gedişləri, haqq səsi məntiqi nəticəsini verdi. 907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa dayandırılması üçün imkan 11 sentyabr 2001-ci il hadisələrindən sonra yarandı. Azərbaycan antiterror koalisiyasına qoşularaq ABŞ-ın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə beynəlxalq terrora qarşı mübarizədə iştirak etdi. Həmin əlaqələr çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi ehtiyacı yarandı. ABŞ-ın sabiq Prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərarı təsdiqlədi. 1996-cı il iyunun 13-də o zaman ABŞ-ın Azərbaycandakı səfıri Riçard Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ Konqresi tərəfindən «Azadlığı müdafıə Aktı»-na edilmiş 907-ci düzəlişi bir daha xatırladan, «Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən edilə biləcək humanitar yardımsız yaşamışıq və bundan sonra da yaşayacağıq. Söhbət ədalətsizlikdən gedir. Ədalətsizlik etmək isə olmaz. Sizin vasitənizlə Azərbaycanın adından Azərbaycan dövlətinin başçısı kimi ABŞ hökumətinə qarşı öz ciddi narazılığımı bildirirəm”» söyləyən müdrik siyasətçi Heydər Əliyev diplomatiyamızın tarixində cəsarətlilik formulunun təməlini qoydu : ABŞ səfıri ilə belə sərt formada yalnız Heydər Əliyev danışa bilərdi. Bu qətiyyət siyasi hazırlığın, uzaqgörənliyin hərbi məharət üzərində mütləq qələbə seçimi idi. O illərdən zaman keçsə də, dünya düzəni dəyişilsə də tarix yaddaşında saxladığı məqamları ilə xatırlanır.
Bu günlərdə Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda bir daha varisliyə sadiqliyini məntiqli çıxışları ilə göstərən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qətiyyətinin davamlı siyasət olduğunu dünyaya bəyan etdi. Heç bir siyasi dəstək, maddi yardım almadan ərazi bütövlüyünü tam və ədalətli həll edən Azərbaycanın siyasi , iqtisadi, qüdrətinin gücünü göstərdi. Forumda Ulu Öndər Heydər Əliyevin 907-ci maddənin ləğvi istiqamətində göstərdiyi qətiyyəti, bəzi məqamlarda siyasi anlaşılmazlıqdan yaranan çətinlikləri xatırlatdı. Eyni zamanda, dünyanın ən güclü dövləti olan ABŞ-la Azərbaycanın qarşılıqlı əməkdaşlıq və etibarlı tərəfdaşlıq istiqamətində əlaqələrinin davamını məmnuniyyət hissi ilə diqqətə çatdırdı. «Bayden-Blinken Administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil» sözləri ilə Ağ Evin keçmiş administrasiyasının ölkəmizə qarşı qərəzli münasibətindən yaranan soyuqluğun səbəblərini göstərdi. ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu ilə bağlı bəyanatın qəbulu yolunda göstərilən qətiyyəti, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan torpaqlarımz uğrunda mübarizəsinin məntiqi nəticəsinin 2020-ci ildə 44 gün ərzində əldə olunduğunu, tam və qəti qələbəmizin 2023-cü ilin sentyabrında aparılan qısamüddətli anttiterror əməliyyatı nəticəsində qazanıldığını siyasi, hərbi , diplomatik səylərimizin uğuru adlandırdı. Bir zamanlar Azərbaycanı məğlubiyyətlə barışmağa məcbur edənlərin artıq susduqlarını, reallıqla barışmağa məcbur qaldıqlarını vaxtilə Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi qətiyyətin məntiqi nəticəsi adlandırıldı. ABŞ Prezidenti Donald Trampın ölkəmizə səmimi münasibəti yüksək dəyərləndirdi. «Əslində, biz buna ümid edirik və düşünürəm, hazırda Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Biz normal münasibətlərə qayıdırıq. Bilirsiniz, əvvəlki ABŞ Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla bir daha işlər adi qaydada gedə bilməz və bu, suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən bərpa olunması ilə bağlı idi. Təsəvvür edə bilərsinizmi? Birləşmiş Ştatlar öz suverenliyini bərpa etmək üçün Ukraynanın səylərini güclü şəkildə dəstəkləyirdi və dəstəkləyir, lakin biz öz suverenliyimizi bərpa etdikdə onlar bəyan etdi ki, işlər artıq adi qaydada aparıla bilməz və bunları Dövlət Departamentinin yüksəkrütbəli rəsmisi deyirdi. Prezident Baydenin Administrasiyası tərəfindən atılmış və qeyri-dost hesab etdiyimiz bir çox digər addımlar münasibətlərin korlanmasında, əslində, əsas meyar idi. Əlbəttə, Prezident Bayden hər il etdiyi kimi, «Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişinin dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə aldıq, çünki biz onlara Əfqanıstanda lazım olduğumuz zaman, o və onun sələfləri həmin düzəlişin qüvvəsini əvvəllər dayandırırdı. Əfqanıstanda biz onlara artıq lazım olmadığımız dövrdə onlar 1992-ci ildə qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı yenidən tətbiq etdilər. Beləliklə, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyalar onunla bağlı idi ki, Azərbaycan Ermənistanı blokadaya alır və bu, Prezident Trampın dediyi kimi, saxta xəbərlər əsasında olan məsələ idi. Biz Ermənistanı blokadaya almamışdıq. Ermənistan ərazimizi işğal etmişdir, lakin ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində həmin sanksiyalar tətbiq edildi. 2001-ci ildə biz ABŞ-a Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman Prezident və ovaxtkı bütün prezidentlər həmin sanksiyanın qüvvəsini dayandırırdı. Amma Prezident Bayden onu yenidən tətbiq etdi. Beləliklə, indi biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük. Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir» söyləyən Prezident İlham Əliyev bildirib ki, bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq tariximiz var. Dövlət başçımızın əlavə olaraq qeyd etdiyi kimi, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Artıq bir çox məsələlərdə ölkəmizlə Ağ Evin maraqları eynilik təşkil edir. ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə də ölkəmizə səmimi münasibətini xatırladan Prezident İlham Əliyevin vurğuladığı kimi, bir çox amillər də bu reallğı təsdiqləyir: «Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.»
Ağ Evin hazırkı rəhbərini qısa müddətdə müharibələrə son qoyan şəxs adlandıran Prezident İlham Əliyevin «Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, «Vaşinqton bataqlığı”nı» dibinə qədər qurutsun» sözləri Cənubi Qafqazda sabitliyin təminatı baxımından daha xarakterikdir.
Yəni , tarix dəyişilsə də son sözə imza atan həqiqət, reallıq, etimada əsaslanan qarşılıqlı anlaşma prinsipləridir. Azərbaycana başçılıq etdiyi müddətdə ölkəmizi təhlükəli müdaxilələrdən qoruyan Ulu Öndər Heydər Əliyevin qətiyyətini « Nəyi, nə zaman, necə etmək» tezisi əsasında təkmilləşdirən Prezident İlham Əliyev siyasi fəaliyyətində yalnız həqiqətə istinad edir. « Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur. Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil» söyləyən Prezident İlham Əliyev beynəlxalq hüququn universal prinsiplərinə riayət etməyə üstünlük verir. Qarışılqlı əmkdaşlıq üçün ən vacib amili diqqətə çatdırır. «Öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxılmalıdır» prinsipi Prezident İlham Əliyevin Qələbə düsturu kimi, həyatda özünü təsdiqlədi: Heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq.
«Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü – Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil» söyləməklə ən vacib amilin cəmiyyətin həmrəyliyi olduğunu bildirən Prezident, Ali Baş Komandan İlham Əliyev xalqla ordunun mənəvi gücünü Zəfərə aparan yol adlandırır.
Bəllidir ki, siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanın həqiqətləri media əsasında formalaşır. Erməni lobbisinin maliyyə dəstəyi ilə ölkəmizi qara rəngdə təsvir edən Qərbin bəzi dairələrini bu gün də narhat edən Azərbaycanın həddindən artıq müstəqil siyasət aparması, supergüclərin «təlimatlarına qulaq asmamasıdır.» Artıq bütün dünya ictimaiyyəti də aydın başa düşür ki, Azərbaycan qarşılıqlı etimad prinsiplərinə sadiqdir. Xalqımız özünə məxsus olanı 907-ci düzəliş olmadan qaytarıb. 2003-cü ildə «Qarabağ bizim torpağımızdır!» söyləyən Prezident İlham Əliyev ” bu vədini yerinə yetirdi. Beynəlxalq hüququn normalarına həmişə sadiq qalan Prezident İlham Əliyev Əbu-Dabidə də söylədi ki, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlərə etibarlı zəmanət olmalıdır ki, Cənubi Qafqazda normal həyat tərzi formalaşsın. Bu istək eyni zamanda Ümummilli Lider Heydər Əliyevin də arzusu idi. «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”» sözləri ilə bir zamanlar Azərbaycanın müstəqilliyi naminə 907-ci düzəliş də daxil olmaqla ölkəmizə qarşı ədalətsiz mövqelərə qarşı qətiyyət göstərən Ulu Öndərin ideyalarının qalib gəldiyini bildirən Prezident İlham Əliyev varisliyə sadiqliyi ilə liderlik fəlsəfəsini təzələdi.
… Tanınmış qazax yazıçısı Oljas Süleymenovun liderlik qətiyyətinə verdiyi dəyərli fikirləri xatırlatmaqla Ulu Öndərin türk dünyasının öndərləri arasında tutduğu mövqeyə aydınlıq gətirmək olar: «Vaxt gələcək, Şumer dövründən tutmuş zəmanəmizədək türklərin «Bilgamıs»” («Müdrik qəhrəman»”), Bilgə xaqan («Müdrik xaqan»”), İltəriş («Torpaqları birləşdirən»”), Atatürk… kimi dahi adlara söykənən tarixi yazılacaqdır. Bizim zəmanəmiz ustad titullu layiqli adlarla təmsil ediləcəkdir. Heydər Əlirza oğlu Əliyev belə ustadların ən birincilərindəndir”.»
Xuraman İsmayılqızı, “İki sahil”