Gündəm 

Bakı niyə Vatikanla yeni sənəd imzaladı?

Komitə ilə Müqəddəs Taxt-Tac arasında anlaşma memorandumu reallaşıb; yeni Papanın Trampla əlaqələri bizim üçün fürsət pəncərəsi açır

Vatikanın yeni rəhbəri – ABŞ-dan olan kardinal Robert Prevostun Papa Leo XIV taxta çıxmasından üç ay ötür. Yeni Papa ilə birlikdə Vatikanın dünya siyasətində daha fəal rol alacağı, xüsusilə də dinlərarası dialoq və dəyərlərə əsaslanan yeni geosiyasi münasibətlərdə daha təsirli olacağı gözlənilir.

Azərbaycan isə bu dəyişiklikləri vaxtında analiz edib öz diplomatik kursunu uyğunlaşdırır. İyulun 28-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində anlaşma memorandumu imzalanıb.

Memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub. Anlaşma memorandumunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad imzalayıblar.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov imzalanan memorandumun dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Ölkəmizdəki dini mühit barəsində məlumat verən komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

R.Məmmədov söyləyib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr həyata keçirir.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma Papaları II İoann Pavel və Fransiskin ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafındakı roluna toxunub.

Kardinal eyni zamanda sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə ehtiramını bildirib. İmzalanma mərasimində Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib.

Yeni Papa Leo XIV Avqustinian ordeninin üzvü olmaqla, “yoxsulluq andı” ideologiyasını təmsil edir. Bu, o deməkdir ki, o, Vatikanın gələcək siyasi xəttində daha çox mənəvi və ideoloji prinsiplərə söykənəcək. Bu isə Azərbaycan kimi iqtisadi alətlərdən məharətlə istifadə edən dövlətlər üçün ciddi maneə deyil, əksinə, bu yeni şəraitdə dəyərlər üzərində qurulacaq diplomatik manevrlər üçün əlavə imkanlar yaradır.

Qeyd edək ki, Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulub. Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyi 2022-ci ildə fəaliyyətə başlayıb. Tərəflər arasında indiyə qədər 9 sənəd imzalanıb, qarşılıqlı səfərlər olub. Odur ki, Vatikan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycanda 2000 katolik var. Bakıdakı Bakirə Müqəddəs Məryəm katolik kilsəsi ölkədə yeganə belə kilsədir.

Maraqlıdır, Vatikanla əlaqələr niyə bu qədər önəmlidir, yeni anlaşma sənədini doğuran səbəblər nədir?

Politoloq Züriyə Qarayeva “Yeni TV”nin CANLI YAYIMINDA

Züriyə Qarayeva

AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, Vatikan təkcə xristianların dini məbədi deyil, dünya siyasətinin əsas mərkəzi sayılır. Onun fikrincə, Azərbaycan-Vatikan əlaqələrinin inkişaf etdirilməsinə həm də bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Politoloq Vatikanla əməkdaşlığımızın ermənilər üçün arzuedilməz olduğunu da nəzərə almağa çağırır: “Xatırlayırsınızsa, Vatikandakı Qriqorian Pontifik Universitetində Qafqaz Albaniyası irsinə həsr edilən beynəlxalq elmi konfrans keçirilmişdi. AMEA-nın Tarix və Etnologiya İnstitutu da iştirak etmişdi. Ermənilər bundan ciddi şəkildə narahat olmuşdular. Çünki uzun illər Vatikandan dəstək almağa çalışıblar. Bu mənada Azərbaycanın Vatikanla əlaqələrinin genişlənməsi onların da əl-qolunun bağlanmasında mühüm rol oynayır”.

İmzalanan son memoranduma gəldikdə, Z.Qarayevanın sözlərinə görə, Vatikanla münasibətlərin şaxələndirilməsi üçün növbəti addım atılıb, ən əsası isə bunun yeni Papa dönəmində reallaşması zəruri idi: “Bundan əvvəlki Vatikan rəhbərləri Azərbaycana səfər ediblər. Yeni Papa Leonun da ölkəmizə təşruf buyurması arzulanardı. Dünyanın bütün siyasi qüvvələri Vatikanla əməkdaşlığa xüsusi həssaslıqla yanaşır. Ona görə Azərbaycan üçün bunun əhəmiyyəti böyükdür. Burada digər vacib fakt yeni Papanın amerikalı olmasıdır. Onun Ağ Ev lideri Donald Trampla əlaqələri haqda məlumatlar var. Son zamanlar isə Azərbaycan-ABŞ münasibətlərində bir hərəkətlilik var. Dövlət başçımız Trampla bağlı mövqeyini açıqladı, ABŞ prezidenti də cənab İlham Əliyevin çıxışını paylaşdı. Düşünürəm ki, yeni Papanın Trampla yaxın əlaqələri Azərbaycan üçün ayrıca bir xətt olaraq əhəmiyyət kəsb etməkdədir. Belə demək mümkündürsə, burada həm dinlərarası əməkdaşlıq, həm siyasi elementlər var”.

Onun fikrincə, Ermənistan bu nöqtədə ciddi şəkildə geridə qalaraq, əhəmiyyətli bir diplomatik fürsəti əldən verib: “Bakı isə son illərdə Vatikanla əlaqələrini mühüm şəkildə genişləndirib. Diplomatik təmaslar, mədəniyyət və dinlərarası dialoqa yönəlik təşəbbüslər vasitəsilə Azərbaycan Vatikanın diqqətini çəkməyi bacarıb. Ermənistan əksinə, bu sahədə həm təşəbbüssüz, həm də qeyri-fəal davranış sərgiləyib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Daha çox xəbərlər