Cəmiyyət 

Gəncləri kriminala ailələri sürükləyir

Son vaxtlar gənclər arasında cinayətlər, özbaşınalıq və əxlaqsızlıq məsələsi geniş müzakirə olunur. Ekspertlər bildirirlər ki, bu tip ümumi qənaətlər yalnız statistik göstəricilərlə dəstəklənməlidir. Həqiqətən gənclərin davranışlarında ciddi dəyişikliklər var, yoxsa sadəcə fərdi hadisələr əsasında ümumiləşdirmə aparılır?

mail_yaqub.jpg (25 KB)

Sosial məsələlər üzrə ekspert Mail Yaqubov Musavat.com-a açıqlamasında deyib ki, gənclər arasında cinayətlər, özbaşınalıq və əxlaqsızlıq məsələsi barədə danışanda bunu dəqiq statistikaya əsaslanaraq demək lazımdır:

“Yəni ‘kriminala meyl çoxalıb’ demək kifayət etmir. Statistik göstəricilər, polis hesabatları və ya Sosial Tədqiqatlar Mərkəzinin araşdırmaları olmalıdır. Üç-dörd hadisəni görüb nəticə çıxarmaq olmaz.”

Ekspertin sözlərinə görə, hər ölkədə yeniyetmələr arasında səhv addımlar və yanlış hərəkətlər müşahidə olunur:

“Xüsusilə müasir dövrdə gənclər daha çox hisslərinə bağlıdır, rasional qərarlardan çox emosiyalarla hərəkət edirlər. Digər tərəfdən, bəzi yeniyetmələrin ailələrində boşluqlar olur və onlara düzgün tərbiyə verə bilmir. Bu, təəssüf ki, onları cinayət və əxlaqa zidd əməllərə yönəldir. Əsas məsələ ailədir. Valideyn övladının ilk psixoloqu, ilk dostu və nəzarətçisidir. Ailə mühitində konflikt varsa, ata-ana bir-birinə qarşı təhqirlə və söyüşlə danışırsa, bu uşağın gələcəkdə cinayətkar olmasına zəmin yaradır. Təəssüf ki, bəzi valideynlər öz məsuliyyətlərini anlamır. Bu çox ciddi məsələdir və üzərində çalışmaq lazımdır. Valideynlər və övladlar arasındakı münasibətləri düzgün qurduqda görəcəksiniz ki, gənclər daha sağlam inkişaf edəcək.”

Sultan Məmmədli,
Musavat.com

Daha çox xəbərlər