Ağ Evin və Kəlbəcərin açarı – QALİB LİDERƏ YARAŞAN GÜN
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncədən sonra Kəlbəcərə, daha sonra da Ağdərəyə səfər etdi! Murov dağının bağrından keçən, uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını həyata keçirən dövlətimizin başçısı yenidən qurulan Kəlbəcərə qayıdan sakinlərlə görüşdü, onlara mənzillərinin açarlarını təqdim etdi! Daha bir möhtəşəm tarix, daha bir mübarək hadisə! Kəlbəcərsizliyin ağrı-acısını yaşamış insanlarımızın öz evlərinə dönməsindən gözəl nə ola bilərdi ki?
Xatırlayırıq, Azərbaycanın işğalda olan ərazilərini alver predmetinə çevirməyə, 5 rayonu sözdə azad edib, Kəlbəcər və Laçının taleyini gələcəyə saxlamaq istəyənlər var idi bir zamanlar. Onların tabutuna mismarın vurulduğu tarixi anlaşma 8 avqustda Vaşinqtonda baş tutdu. ABŞ paytaxtında yüksək səviyyəli görüşlər keçirən, razılaşmalar əldə edən cənab Prezident amerikalı həmkarı Donald Trampdan yüksək səviyyəli fikirlər eşitməklə yanaşı, Ağ Evin rəmzi açarını da hədiyyə olaraq qəbul etmişdi. Bəli, Ağ Evin açarı ilə Vətənə dönən dövlət başçımız Azərbaycanın öz imkanları ilə yenidən qurulan daha bir tarixi şəhərimizin doğma insanlarına bu diyarda əbədi yaşayışın açarlarını təqdim etdi. 44 günlük müharibədən sonra Ermənistan ordusu Kəlbəcəri döyüşsüz tərk etməyə vadar olmuşdu. Amma onlara verilən möhlətdən namərdcəsinə sui-istifadə edən düşmən cəhənnəm olub gedərkən Kəlbəcərə od vurmuşdu, evlər, obyektlər darmadağın edilmişdi. Hətta İstisu Sanatoriyasını, sovetlər dövründən qalma sülh abidəsini belə dağıtmışdılar. Azərbaycan şəhər və rayonlarımızın, kəndlərimizin yaralarını sarıyır, yenidən qurur gözəl yaşayış məntəqələrimizi, Kəlbəcərin isə yeri tamam başqa olacaq, inşallah!
Təsadüfü deyildi ki, İlham Əliyev Kəlbəcərin üzərindən alver etmək istəyən ATƏT-in Minsk Qrupundan danışmadı.
Sitat: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”. Bu, ilahi ədalətin növbəti dəfə təcəssümüdür, qalib xalqın lideri Kəlbəcərin və digər cənnət məkanlarımızın ilhaqını leqallaşdırmaq istəyən həmsədrlərin tabutuna vurulan mismarlar barədə kəlbəcərlilərə öz yurdlarında müjdə verdi. Hələ nələr olacaq, nələr. Kanat yolunadək! Qafqazın İsveçrəsi olan Kəlbəcər turizm üçün unikal imkanlara sahibdir və bəhrəsini dövlət və millət olaraq görəcəyik. Dədə Şəmkirin, Məmməd Aslanın, saz-söz adamlarının ruhları şad olsun…
Prezident İlham Əliyev Kəlbəcərdə sülh bəyanatı verərkən dağın o üzündə, Qərbi Azərbaycanda, Ermənistanın baş naziri Nikol Paşinyan da “Qarabağ məsələsi bitdi” söylədi.
Həmçinin erməniləri seçim qarşısında qoydu: “Sülh istəmirsinizsə, inqilab edin”. Bu cəsarəti və təminatı ona verən Azərbaycan Prezidentinin Zəfərimizdən sonrakı sülhməramlı mövqeyidir. Paşinyan bilir ki, onun hakimiyyətinin təminatı Əliyevin əlini sıxmaqda, böyük sülh sazişini Azərbaycanın şərtləri əsasında imzalamaqdadır. Əks halda, çox pis olar.
Dövlətimizin başçısı bir daha əminliklə vurğulayıb ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülüb. “Bu sənədin paraflanması faktiki olaraq Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur”,- deyə Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirib. Sülhə sadiqliyi barədə dövlət başçımız Vaşinqtonda, Prezident Trampın da alqışla qarşıladığı qətiyyətli mövqe bildirmişdi və Baş nazir Nikol Paşinyanın bu ali mövqe qarşılığında heç bir əlavəsinin olmadığını deməkdən başqa çıxış yolu qalmamışdı.
Yeri gəlmişkən, bu günlərdə Avropa İttifaqı rəhbərliyinin, bir sıra aparıcı Avropa ölkələrinin liderlərinin, həmçinin NATO baş katibinin Vaşinqton səfərini izlədik və Azərbaycan Prezidentinin ABŞ-də yüksək səviyyədə qəbul edilməsi ilə müqayisə etdik. Əslində ilk dəfə deyildi ki, ABŞ lideri Donald Tramp ayrı-ayrı ölkələrin başçıları ilə az qala “JEK” müdiri səviyyəsində davranırdı. Hətta ölkəsi Rusiya təcavüzünə məruz qalmış Ukrayna Prezidenti Volodimir Zelenski ilə ilk iki görüşündə də bunun şahidi olmuşduq. Sonuncuda cənab Zelenski istisna oldu, hətta kostyumuna tərəfi eşitdi. Amma digər liderlərlə Trampın görüşü tamam fərqli oldu. Hətta Avropada gedənlərin Trampın qapısı ağzında çarəsiz durumda oturub gözləmələrini, daha sonra isə onlarla rəftarını izlədikcə avtomobilindən şəxsən Tramp tərəfindən qarşılanan və yola salınan Azərbaycan Prezidentinə böyük etimaddan qürurlandıq.
Vaşinqtonda Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı razılaşmadan sonra artıq Ermənistanda da bir çoxları anlamağa başlayıb ki, bu işin alternativi yoxdur. Eyni zamanda İran Prezidenti və bir sıra rəsmilərinin son açıqlamalarından cənub qonşumuzun da reallıqla barışdığını görməkdəyik. Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşdə əminliklə bildirib ki, artıq Zəngilana qədər dəmiryolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq.
Sitat: “Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.
Prezident həmçinin qeyd edib ki, razılaşmaya əsasən, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin ediləcək. Bir səfərin sıralanan uğurları, Azərbaycanın milli və dövlət maraqlarına uyğun möhtəşəm hadisələri iftixar hissi doğurur. Bütün bu uğurları Azərbaycan Prezidenti dünyanın super dövlətinin lideri ilə görüşündəki məğrur duruşu, böyük dövlət adamı olaraq qazandığı təcrübəsi, əldə etdiyi tarixi qələbələri, xalq etimadı ilə haqq edir. Təkbaşına BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra edən, ölkəsinin ərazisində separatizmin kökünü birdəfəlik kəsən, dünyanın istənilən nöqtəsində haqqı pozulan xalqların səsinə səs verən, prinsipial mövqeyini heç nəyə dəyişməyən, hətta ölkəsinə dış qıcamış şimal qonşunun təhdidlərindən çəkinməyərək Ukraynaya yardım əlini uzadan və işğalla barışmamağı tövsiyə edən Prezident İlham Əliyev çox böyük diqqətə və ehtirama layiq görüldü Vaşinqton səfəri boyunca. Trampın “Siz böyük lidersiniz”, qiyməti təsadüfi deyildi ki…Görün Avropadan Vaşinqtona getmiş liderlərin ünvanına ABŞ Prezidentindən bircə dəfə anoloji fikir işlənibmi? ABŞ Prezidenti Oval Ofisdə bəzən milyarder iş adamı İlon Maskın 4 yaşlı oğluna daha çox diqqət göstərib, nəinki bəzi avropalı prezidentlərə…
8 avqust görüşü ilə 18 avqust görüşünü müqayisə edin. Təkcə Prezident İlham Əliyevə diqqətə baxın, daha sonra NATO-nun Baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, Almaniya Kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Staba münasibətə fikir verin. Tramp 18 avqustda qapısında gözlətdiklərini daha sonra Oval Kabinetdə qarşısında oturtdu və dərsini bilməyən uşaqlar kimi davrandı. Əslində əli cibində şəkil çəkdirməklə kimsə olduğunu nümayiş etdirməyə çalışan Makron və digərləri çox imtahanlardan kəsiliblər bu illərdə, Tramp da tarixi yaxşı bilir. Azərbaycan Prezidenti isə ləyaqətli müharibə aparmağı bildiyi kimi, ləyaqətli və əbədi sülhə də imzası və sözü ilə möhür vurmağı bacaran Liderdir!
Bax, o Lider kəlbəcərliləri Kəlbəcərə, ağdərəliləri Ağdərəyə qaytarır! O məğrurluğu, qətiyyəti, böyüklüyü ilə! Kəlbəcər və digər yurd yerlərimizin niskili ilə dünyadan köç edən əzizlərimizin də ruhları şaddır, Kəlbəcər uğrunda döyüşüb şəhadətə qovuşan igidlərimizlə birgə…Murov dağının yüksəkliklərinə şəhid olan qəhrəmanlarımızın da ruhu gülür bu günlərdə…Bu günləri bizə bəxş edən Ali Baş Komandana təşəkkürlər! Hələ qarşıda necə gözəl hadisələr, günlər var. “Hər şey yaxşı olacaq” nidası ilə yaddaşlarımıza əbədi həkk olunan Milli Qəhrəmanımız Hökumə Əliyevanın ailəsinə Kəlbəcərdə mənzil verilməsinin özü də çox ciddi hadisə və dost-düşmənə lazımi mesajdır. Həm də hər şeyin yaxşı olacağı barədə ən yüksək səviyyədə inam yaratmağın təzahürü, ən yüksək səviyyədə təminatdır! Beləcə, Kəlbəcərə qayıdışın da təməli qoyuldu, Qalib Liderə yaraşan daha bir tarixi günü. Mübarək olsun!