Gündəm 

Bakıda həbsdə olan rusiyalılarla bağlı müzakirələr

Gərginlik nə qədər davam edəcək?

Son günlər Bakıda saxlanılan və barələrində cinayət işi açılmış 13 Rusiya vətəndaşı ilə bağlı müzakirələr artıb. Həftəsonu belə bir xəbər də yayılıb ki, Rusiya gərgin münasibətlərin sonlandırılması üçün Bakıdakı rusların azadlığını şərt kimi irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyi isə bəyanat verərək bu iddiaları təkzib edib.  

“Rusiya XİN mətbuat katibi bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin guya Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olduğunu iddia edib və münasibətlərin yaxşılaşması üçün onların azadlığa buraxılmasını şərt kimi irəli sürüb. Mətbuat katibi elə söz deməyib.  Bu il sentyabrın 4-də Şərq İqtisadi Forumundakı brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova deyib: “Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb”.

Səbinə Əliyeva iclasa gələ bilmədi, deputatlar nə dedilər... | Modern.az

Səbinə Əliyeva

Yada salaq ki, ombudsman  Səbinə Əliyeva Bakıda saxlanılan “Sputnik-Azərbaycan”ın əməkdaşları və digər Rusiya vətəndaşlarının ailələri ilə görüşdüyünü açıqlayıb: “Bu qrup məhbusların ailə üzvlərinin Ombudsman Aparatında qəbulunu həyata keçirir, daxil olan müraciətlər vaxtında və qanunvericilik çərçivəsində araşdırılır və həll olunur, zərurət yarandıqda köməklik göstərilir. Onların ailə görüşü bir neçə gün əvvəl baş tutub”.

Ombudsman həmçinin qeyd edib ki, həbs olunan Rusiya vətəndaşları saxlanma şəraiti və onlara münasibətlə bağlı heç bir şikayət etməyiblər.

Açıqlamada qeyd olunur ki, saxlanılan rusların məsələsi Milli Preventiv Qrupun daimi nəzarətindədir. Qrupun nümayəndələri mütəmadi olaraq Ombudsman Aparatında ailə üzvlərini qəbul edir, onların hüquqlarına Azərbaycan qanunvericiliyi çərçivəsində riayət olunmasını təmin edirlər.

Qəribədir ki, Rusiyanın “Svobodnaya pressa” nəşri ombudsmanın açıqlamasından belə bir rəy yaratmağa çalışıb ki, guya Bakı saxlanılanları Rusiya ilə “mübadilə”yə hazır olduğuna işarə edir.

Politoloq Mixail Neyjmakov nəşrə deyib ki, bu açıqlama Bakının Rusiya ilə “danışıqlar pəncərəsi”nin tam bağlanmadığına dair siqnallardan biri ola bilər.

“Lakin bu, yeganə siqnal deyil. Danışıqlar prosesinin davam etməsinin göstəricisi xarici siyasət və ya təhlükəsizlik bloku ilə bağlı olmayan yüksək rütbəli məmurlar səviyyəsində təmaslardır. Məsələn, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev sentyabrın əvvəlində Rusiya nümayəndə heyətinin Bakıya getməyə hazır olduğunu bəyan edib”, – deyə o bildirib.

Politoloq iddia edib ki, Bakı rusiyalılara qarşı rəsmi ittiham irəli sürüldüyü üçün onların azadlığa buraxılması üçün müzakirələr çətin ki, olsun: “Azərbaycanda saxlanılan ruslara qarşı rəsmi ittiham irəli sürüldüyündən, çətin ki, kimsə onların azadlığa buraxılma şərtlərini açıq şəkildə müzakirə etsin. Bir qayda olaraq, belə hallarda danışıqlar bağlı qapılar arxasında aparılır. Bir az daha az ehtimal olunan ssenari ondan ibarətdir ki, saxlanılan ruslara qarşı işlərə məhkəməyə qədər xitam verilə bilər. Eyni zamanda Rusiya vətəndaşları Bakı ilə Moskva münasibətlərində “ərimə” başlamazdan əvvəl azad oluna bilərlər”.

Azərbaycan-Rusiya münasibətləri niyə yumşalmır? Gərginlik nə qədər davam edəcək?

Çingiz Qənizadə yenidən deputatlığa namizədliyini irəli sürdü | Modern.az

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya mediası və ictimai-siyasi dairələri tərəfindən Azərbaycana qarşı hücum kampaniyası dayanmır. Çünki sifariş Kremldən verilib və hələ ki Kreml bu kampaniyanı dayandırmaq sifarişini verməyib. Ona görə də kampaniya davam etdirilir: “Moskvanın siyasəti belədir. Azərbaycanı qanunları pozduqları üçün haqlı olaraq saxladığı ruslar məsələsində geri çəkilməyə vadar etmək istəyirlər. Eyni zamanda məlum təyyarə faciəsi ilə bağlı Azərbaycanı haqlı tələblərindən geri çəkindirməyi qarşılarına məqsəd qoyublar. Azərbaycan hər iki məsələdə haqlı mövqedədir. Ona görə də haqlı mövqeyində israr edir. Rusiya XİN-in sözçüsü keçən həftə bəyan etdi ki, vurulan təyyarəyə görə Azərbaycana Rusiya tərəfindən kompensasiya ödənilib və bu məsələni bitmiş hesab edirlər. Bu, yanlış və ictimai rəyi aldatmağa hesablanmış açıqlama idi. Bu, bir daha sübut etdi ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin düzəlməsi kursunu deyil, gərgin münasibətlərin qalması kursunu götürüb. Bundan sonra belə vəziyyətin nə qədər davam etdiriləcəyi də məlum deyil”.

Hüquq müdafiəçisi vurğuladı ki, Azərbaycan tərəfi Rusiya ilə münasibətlərin gərgin olaraq davam etməsində maraqlı deyil. Vəziyyətin düzəlməsi istiqamətində Rusiya addım atmır: “Azərbaycan Rusiyadan heç bir qanunazidd, beynəlxalq qanunlara və konvensiyalara zidd heç bir tələb etmir. Azərbaycan Rusiyanın heç bir vətəndaşını qanunsuz olaraq saxlamır. Saxlanılan rusiyalılar Azərbaycan qanunlarını pozduqları üçün saxlanıblar və onlara qarşı saxlanma yerlərində heç bir pozuntya, qanunsuzluğa yol verilmir. Rusiya imperiya ambisiyası ilə hərəkət edən dövlət olduğu üçün üzr istəməyi, kompensasiya tələbini yerinə yetirməyi, cinayətkarları cəzalandırmağı özünə sığışdırmır. Həmçinin imperiya ambisiyası onda belə bir düşüncə yaradıb ki, Rusiyanın vətəndaşları-ruslar istədiyini edə, Azərbaycana qarşı, Azərbaycanda qanunları poza bilər, onlara qarşı heç bir qanuni tədbir görülə bilməz. Bax, Rusiyanın bu cür yanaşmaları münasibətlərin düzəlməsinə imkan vermir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Daha çox xəbərlər