“2 yaşında ayrılıq qorxusu güclü olduğundan bağçaya alışma çətin ola bilər” – Psixoloq
Uşaqların bağçaya başlaması valideynlər üçün mühüm qərarlardan biridir. Uşaq psixoloqları bildirirlər ki, bağçaya gedən yaş uşağın fərdi inkişafından, emosional hazırlığından və sosial bacarıqlarından asılıdır.
Psixoloq Aytac Teymurova BiG.AZ-a bidirib ki, ümumiyyətlə 2 yaşından etibarən uşaqlar digər həmyaşıdları ilə təmas qurmağa başlayır, amma bu dövrdə ayrılıq qorxusu güclü olduğundan bağçaya alışma çətin ola bilər:
“Ən ideal yaş aralığı 3–4 yaşdır. Bu dövrdə uşaq artıq özünü ifadə edə bilir, danışıq bacarıqları formalaşır və sosial mühitə daha tez uyğunlaşır. 5–6 yaş isə məktəbə hazırlıq üçün daha çox qrup işi, qaydalara əməl etmə bacarıqlarının inkişafı baxımından önəmlidir.
Uşağın bağçaya gedib-getməməsinə yalnız yaş faktoru ilə deyil, həm də psixoloji hazırlıq səviyyəsinə görə qərar verilməlidir.
Əgər uşaq ana-ata ilə bağlılığını nisbətən azaldıb, müəyyən müddət onlardan ayrı qala bilirsə, öz istəklərini sadə formada ifadə edirsə, bağça üçün hazır hesab olunur.
Valideynlər uşağı birdən-birə uzun müddət bağçada saxlamaq əvəzinə, mərhələli şəkildə alışdırmalıdır. İlk günlərdə qısa müddətlik iştirak, sonra isə tam gün qalmaq uşağın stressini azaldır və mühitə uyğunlaşmanı asanlaşdırır.