Ekspert: “Azərbaycanda süni yağışa ehtiyac yoxdur, su ehtiyatları səmərəli istifadə edilməlidir”
Azərbaycanda su ehtiyatlarının artırılması və su qıtlığının qarşısının alınması məqsədilə süni yağış yağdırılması layihəsi diqqət mərkəzindədir. Bu istiqamətdə bir sıra pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
2025-ci ilin sonuna qədər suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq. 2026-cı ildə pilot layihələrin keçiriləcəyi ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun əldə edilməsi texnologiyası ilə bir pilot layihə icra olunacaq.
Bəs Azərbaycanda süni yağış yağdırılmasına ehtiyac varmı?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, ölkənin suni yağışa ehtiyacı yoxdur. Hələ sovet dövründə üzümçülüyün inkişaf etdiyi vaxtlarda yağışın qarşısını almaq üçün bulud dağıdan toplardan istifadə olunub:
“Süni yağışa bizim ehtiyacımız yoxdur. Çünki onun faydaları ilə yanaşı, zərərləri də var. Suni yağış zamanı nəticələr həmişə hesablanmır. Ani külək və ya buludların yığılması səbəbindən leysan və ya sel hadisələri baş verə bilər. Normadan artıq yağış təsərrüfatlara zərər verə bilər.
Dünyada da suni yağış effektiv üsul sayılmır. Bunun üçün Azərbaycanın raket bazası və müvafiq təyyarələri olmalıdır ki, layihə həyata keçirilsin. Bu, çox böyük və bahalı bir işdir. Hazırda ölkəmizdə daha vacib olan məsələ su ehtiyatlarının düzgün və səmərəli istifadəsidir”.
Ekspert əlavə edib ki, su resurslarının optimallaşdırılması və müasir idarəetmə sistemləri vasitəsilə su qıtlığının qarşısını almaq süni yağışdan daha real və faydalı yanaşmadır.

