Azərbaycanlılar ingilis dilini öyrənməkdə niyə çətinlik çəkirlər?
Azərbaycanlıların böyük hissəsi ingilis dili öyrənərkən müəyyən çətinliklərlə üzləşir.
İngilis dili müəllimi Şəfa Hüseynli BiG.AZ-a bildirib ki, əsas problemlər dilin struktur fərqlərindən, danışıq mühitinin azlığından və öyrənmə metodikasından qaynaqlanır:
“Azərbaycan dili ilə ingilis dili arasında ciddi fərqlər var. Məsələn, ingilis dilində zamanların çoxluğu, söz sırasının dəyişməməsi, məqalələrin (‘a’, ‘the’) istifadəsi azərbaycanlı öyrənənlər üçün çətinlik yaradır. Həmçinin tələffüz məsələsi, bəzi səslər Azərbaycan dilində olmadığı üçün düzgün səsləndirmək çətin olur.
Tələbələr dilin qrammatikasını öyrənsələr də, gündəlik həyatda danışıq imkanları məhduddur. Buna görə də öyrənilən biliklər passiv qalır və şifahi ünsiyyət zəif inkişaf edir. Ən yaxşı nəticə üçün ingilis dili yalnız dərsliklə deyil, film, musiqi, gündəlik ünsiyyət vasitəsilə də öyrənilməlidir.
İngilis dilini məcburiyyət kimi deyil, şəxsi inkişaf və beynəlxalq ünsiyyət vasitəsi kimi görmək lazımdır. Kim bu yanaşma ilə öyrənirsə, o daha tez nəticə əldə edir” ,- deyə o bildirib.