İlham Əliyev indi də Misirdə ölkəsinin tarixini yazır
Azərbaycan Prezidenti İlham Əliyev hazırda Misirdə işgüzar səfərdədir. Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də tədbirin keçirildiyi Şarm əl-Şeyx şəhərinə yollanan dövlət başçısı son 20 gündə dünyanın diqqətini bir daha ölkəsinin üzərinə cəmləyib.
Qəzza sammitində dünyanın sayılıb-seçilən 20-dən çox dövlətinin rəhbəri iştirak edir ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycan da unudulmayıb. Bu da şübhəsiz ki, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətdən qaynaqlanır. 23 sentyabrda BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar ABŞ-yə etdiyi uğurlu səfərin ardından ölkə başçısı dünyanın diqqətini cəlb edən mühüm tədbirlərdə ard-arda iştirak etməkdədir.
Diqqət yetirdikdə, bu tədbirlərin hər biri ölkəmiz adına tarixə yazılan qızıl səhifələrdən biri kimi qəbul olunmaqdadır.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin ABŞ lideri Donald Tramp və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin beynəlxalq arenadakı artan nüfuzunun və qlobal diplomatiyada etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir:
“Bu səfər həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycanın siyasi çəkisinin yüksəldiyini nümayiş etdirir. Sammitin keçirildiyi şərait, yəni Yaxın Şərqdə mürəkkəb təhlükəsizlik balansı və sülh proseslərinin yenidən formalaşması Azərbaycanın beynəlxalq dialoqda fəal iştirakını daha da ön plana çıxarır.
Prezident İlham Əliyevin bu cür yüksək səviyyəli toplantılarda iştirakı Azərbaycanın müstəqil xarici siyasət xəttinə, qlobal sülh və təhlükəsizlik proseslərinə verdiyi sistemli töhfəyə verilən qiymətdir. Azərbaycan artıq regionda hadisələrin subyekti kimi çıxış edir, öz maraqlarını qorumaqla yanaşı, müxtəlif dövlətlər arasında rasional vasitəçi rolunu oynayır. Bu status ölkəmizin həm Cənubi Qafqazda, həm də Avrasiya və Yaxın Şərqdə strateji tərəfdaş kimi yüksək etimad və mövqe qazandığını göstərir.
Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidiyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalar regionda dayanıqlı sülhün əsasını qoyub. Bu razılaşmalar Prezident İlham Əliyevin uzunmüddətli, ardıcıl və prinsipial siyasətinin məntiqi nəticəsidir, Cənubi Qafqazda yeni siyasi nizamın formalaşmasına şərait yaradır. Azərbaycanın təklif etdiyi sülh gündəliyi isə artıq regional səviyyəni aşaraq beynəlxalq dəstək qazanıb.
Prezident İlham Əliyevin istər BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təşəbbüsləri Azərbaycanın beynəlxalq diplomatiyada məsuliyyətli, etibarlı və konstruktiv aktor kimi mövqelərini daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı da bu xəttin davamıdır: Azərbaycan qlobal təhlükəsizlik sisteminin formalaşmasında aktiv iştirak edir, münaqişələrin dialoq yolu ilə həllini təşviq edir və beynəlxalq münasibətlərdə etimad mühitinin yaradılmasına töhfə verir.
Misirdə keçirilən sammit, eyni zamanda, Azərbaycanın həm İslam dünyası, həm də Qərb siyasi dairələri ilə əlaqələrinin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bu, Azərbaycanın geosiyasi körpü rolunu gücləndirir, onun beynəlxalq münasibətlər sistemində balanslı, çoxvektorlu siyasət yürütmək imkanlarını daha da genişləndirir”.
Cavanşir ABBASLI
Musavat.com