Cəmiyyət 

“Ailə münaqişələri davamlı hal aldıqda uşaqda ya passiv qorxu, ya da aqressiv davranışlar müşahidə olunur” – Psixoloq

Valideynlər arasında tez-tez yaşanan münaqişələr uşaqlarda dərin psixoloji izlər buraxa bilər. Bu cür gərginliklər uşağın emosional təhlükəsizlik hissini zəiflədir, onda qorxu, günahkarlıq və aqressiya kimi duyğular formalaşdırır.

Uşaq psixoloqu Aysel Əzizli BiG.AZ-a bildirib ki, ailə mühitində gərginlik uşağın özünü necə hiss etməsinə birbaşa təsir edir:

“Valideynlərin dava etməsi uşağa təhlükə siqnalı verir. Uşaq düşünür ki, ailə dağılacaq və bu, onun səhvidir. Bu, gələcəkdə özünü günahlandırma və aşağı özünəqiymət hissinə səbəb olur. Ailə münaqişələri davamlı hal aldıqda uşaqda ya passiv qorxu, ya da aqressiv davranışlar müşahidə olunur.

Belə uşaqlar ya tam qapanır, ya da aqressiv reaksiya göstərir. Yetkinlik dövründə isə münasibətlərdə etimadsızlıq və emosional uzaqlıq yarana bilər.

Uşağın psixoloji sağlamlığını qorumağın ən təsirli yolu ailədaxili ünsiyyətin sakit və hörmətli şəkildə aparılmasıdır.

Uşaqlar valideynlərin sözlərinə deyil, davranışına baxır. Əgər ana və ata bir-birinə hörmətlə yanaşırsa, uşaq da sağlam münasibət modeli öyrənir.

Valideynlər mübahisə etməli olduqda, bunu uşağın yanında deyil, sakit atmosferdə və nəzarətli şəkildə aparsınlar. Əks halda, bu cür mənzərələr uşağın yaddaşında uzunmüddətli emosional travma kimi qala bilər”.

Daha çox xəbərlər