12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın–konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

