Cəmiyyət 

Emin Əmrullayev bu dəfə medianı tənqid etdi: “Detalları ayırıb neqativ xəbər vermək həvəsindədirlər”

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin əməkhaqqı sistemində nəzərdə tutulan dəyişikliklər – tam ştat modelinə keçid, yüksək nəticə göstərən pedaqoqlara ikiqat maaş təklifi və 2027–2030-cu illəri əhatə edəcək mərhələli islahat planı – son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Musavat.com bildirir ki, nazir bu müzakirələr fonunda mətbuatda yayımlanan bəzi başlıqlara və təqdimat tərzinə sərt irad bildirib. O, sosial media hesabında paylaşdığı açıqlamada medianın faktları kontekstdən çıxarmaq və detalları ön plana çəkərək neqativ təsir yaratmaq meylinin müzakirələrin mahiyyətini təhrif etdiyini deyib.

“Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox maaş təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.

Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim:

Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir” fikri “müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar” fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.

İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, “bu islahatı etmək üçün infrastruktur yoxdur” və ya “uzaq məsafədən müəllim necə işə gəlib gedəcək” kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır”.

Nazir həmçinin vurğulayıb ki, media nümayəndələri bəzən yalnız ən kəskin görünən detalı başlığa çıxarmağa üstünlük verirlər:

“Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində “210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI” başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur.

Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar”.

Daha çox xəbərlər