Cəmiyyət 

Kimlər orqan donoru olmağa razıdır? – Tanınmışlardan gözlənilməz AÇIQLAMALAR

Son vaxtlar bir neçə tanınmış həkimin nümunə göstərərək öz orqanlarının ölümündən sonra transplantasiya olunmasını istəməsi cəmiyyətdə geniş müzakirə yaradıb.

Tanınmış anestezioloq-reanimatoloq, uzman doktor Turanə Rəsulovanın könüllü olaraq orqan donoru kimi qeydiyyatdan keçdiyi bildirilir. (Bakupost)

TURANE.jpg (61 KB)

Həkim bununla bağlı rəsmi sənədləri imzalayıb və beyin ölümü baş verəcəyi halda onun orqanlarının digər insanların həyatını xilas etmək üçün istifadə olunmasına razılıq verib. Turanə Rəsulova bu addımını humanist dəyərlərlə əsaslandırıb.

BARAT.jpg (35 KB)

Bundan əvvəl Yeni Klinikanın direktoru, nefroloq Barat Yusubov da ölümündən sonra orqanlarının başqa insanlara köçürülməsinə razılıq verib. O, bütün orqanlarını bağışladığını açıqlayıb.

Yaxın günlərdə isə Azərbaycanda ilk dəfə ürək transplantasiyasını həyata keçirən Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev də orqanlarını bağışlayacağını vəsiyyət etdiyini bildirib.

KAMRA.jpg (53 KB)

Mütəxəssislərin sözlərinə görə, cəmiyyətdə bəzən dini yanaşma səbəbilə orqan donorluğundan imtina hallarına rast gəlinir. Lakin din xadimləri və ekspertlər bildirirlər ki, insanın həyatını xilas etmək ən böyük savablardan biri sayılır və orqan bağışlanmasına mane olan dini bir qadağa yoxdur.

Həkimlər hesab edirlər ki, bu mövzuda maarifləndirmə gücləndikcə insanlar anlayacaq ki, ölümündən sonra orqan bağışlamaq – kiməsə yeni bir həyat bəxş etmək deməkdir. Bu isə həm humanist, həm də cəmiyyət üçün son dərəcə vacib addımdır.

Bəs tanınmışlardan kimlər öz orqanını verər? Kimlər bir başqasının həyatda qalmasına vəsilə olar?

fazil.jpg (79 KB)

Deputat Fazil Mustafa Musavat.com-a deyib ki, bu, təqdirəlayiq addımdır:

“İnsanlığın xilası naminə hansısa insan ölümündən sonra da fayda verə bilirsə, bunu etməlidir. Bununla bağlı bizim tərəfdən də müsbət yanaşmamız olacaq”.

ceyhun.jpg (76 KB)

İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov da bizimlə söhbətdə məsələyə münasibət bildirib:

“Bu gün dünyada milyonlarla insan orqan bağışlamasına möhtacdır. Bu gün ciddi şəkildə xəstəliklər artır. İnsanların da orqanlara ciddi mənada ehtiyacları var. Ona görə bu gün dünyada müxtəlif çağırışlar var. Ölkəmizdə də bu proses başlayıb. İnsanlar tez-tez bununla bağlı müraciətlər edirlər. Mən də demişəm, orqanımın bağışlanmasını vəsiyyət edirəm”.

Məsələnin dini tərəfinə gəldikdə isə deputat bunları deyib:

“Dini yanaşma belədir ki, doğmalarının, özünün razılığı ilə orqan bağışlana bilər. Nəzərə alsaq ki, İslam dini humanist, insanpərvər dindir. İslam dini bu kimi məsələlərin yanındadır. Biz də insanları bu cür məsələlərdə fəal olmağa çağırırıq. Burada təbliğat işləri də çox önəmlidir. Bu bir vətəndaş borcudur, mövqeyidir, yanaşmasıdır. Hər bir vətəndaş buna hazır olmalıdır. Bununla bağlı hər hansı qadağa yoxdur. Dinimizdə yanaşma var ki, kim bir insanı dirildərsə, bütün dünyanı dirildər, həyat verər. Kim bir insanı qətlə yetirərsə, bütün bəşəriyyəti qətlə yetirmiş olar. O anlamda dinimizin mövqeyi budur”.

297158_d6vn301dgm.jpeg (69 KB)

Məsələ ilə bağlı fərqli düşünənlər də var. Müğənni Elnarə Xəlilova Musavat.com-a açıqlamasında bu cür təşəbbüslərə ehtiyatla yanaşdığını bildirib:

“Ümumiyyətlə, öncədən həyatın bu cür kodlaşmasına yaxşı baxmıram. Hesab edirəm ki, insan əgər bu addımı əvvəlcədən atırsa, çox sürətlə beyin ölümünün gerçəkləşməsinə yol açır. Bir növ bunun tezliklə baş verməsini çağırır və cəzb edir. Odur ki, şükür Allahın məsləhətinə. Özümü və sevdiklərimi bütünlüklə hər zaman Allaha həvalə edirəm”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər