Paşinyandan opponentlərinə solaxay zərbə
Erməni baş nazirin açıqladığı sənədlər rəqiblərini çətin vəziyyətə salıb
Azərbaycanla keçmiş Dağlıq Qarabağ münaqişəsi üzrə arxiv sənədlərini ictimaiyyətə açmaqla Nikol Paşinyan ölkədə az qala siyasi zəlzələ yaradıb, Ermənistan daxilində kəskin reaksiyalara səbəb olub.
Keçmiş prezidentlərin komanda üzvləri iddia edirlər ki, təqdim olunan materiallar tam deyil, bəzi mühüm sənədlər isə qəsdən gizlədilib. Belə ki, birinci prezident Levon Ter-Petrosyanın müavini Levon Zurabyan bildirib ki, Paşinyan 2019-cu ildə ATƏT-in Minsk Qrupunun təklifi ilə bağlı Ermənistanın rəsmi cavabını dərc etməyib. Onun sözlərinə görə, ya hökumət, ümumiyyətlə, cavab verməyib və təklifləri rədd edib, ya da cavab var, amma Paşinyan onu bilərəkdən gizlədir.
Zurabyanın iddiasına görə, həmin sənəd qəbul edilsəydi, 44 günlük müharibə olmazdı, Kəlbəcər və Laçın Ermənistanın nəzarətində saxlanar, Qarabağ ətrafında beynəlxalq sülhməramlılar yerləşdirilərdi, Azərbaycana veriləcək 5 rayona azərbaycanlı qüvvələrin girişi qadağan olunardı.
Eks-prezident Robert Köçəryanın ofisi isə bildirib ki, Paşinyanın dərc etdiyi sənədlər arasında hökumətə yaxın “Aykakan Jamanak” qəzetinin materialı da “danışıqlar planı” kimi təqdim edilib.
Ermənistan mediası yazır ki, Paşinyanın bu addımı ümumi “ləngidici güclərin”, yəni münaqişəni Ermənistan üzərində “ip” kimi saxlamaq istəyən xarici və daxili qüvvələrin planlarına son qoymaq üçündür. Paşinyanın özü də bu fikri ifadə edib. Onun fikrincə, çox uzun illər ərzində “mitlər”, yəni Qarabağ münaqişəsinə dair dominant rəsmi versiyalar Ermənistanın siyasi elitası tərəfindən formalaşdırılıb ki, bu da xalqın neytral və ya tənqidi baxışını tabu halına gətirib. İctimaiyyətə sənədlərin açılması bu “mitsizləşdirmə” prosesini sürətləndirə bilər.
Erməni mediası həmçinin qeyd edir ki, Paşinyan məxfi sənədləri açmaqda davam etsə, Ermənistan cəmiyyətində mövcud siyasi gərginliyi daha da artıra, hökumətlə keçmiş hakimiyyət arasında münaqişə dərinləşə bilər.
Bu ehtimallar olduğu bir vaxtda Paşinyan “sandığı” açmaqla əsas hansı hədəfinə nail olmaq istəyir?

Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır və rəqibləri ilə mübarizə aparır, sözügedən sənədləri dərc etdirməsi də bu mübarizənin istiqamətlərindən biridir: “Paşinyanın rəqibləri müxtəlifdir – keçmiş “Qarabağ klanı”, keçmiş prezidentlər, Rusiyanın dəstəklədiyi oliqarxlar və kilsə. Bunların hamısı ilə Paşinyan mübarizə aparmaq məcburiyyətindədir. O, bu mübarizəni hələ ki uğurla apara bilir. Amma onu düşünür ki, bu qüvvələr birləşə bilər, təxribatlara əl atmaları mümkündür. Paşinyan qeyd etdiyimiz qüvvələri daha da sıradan çıxarmaq və nüfuzdan salmaq üçün keçmiş prezidentləri faş edir. İndiyə qədər sabiq prezidentlər bəyan edirdilər ki, guya onların zamanında masada müzakirə edilən sülh planı Ermənistan üçün daha məqbul idi. Paşinyan isə danışıqlarla bağlı sənədləri, Putinə məktubu açmaqla göstərmək istəyir ki, keçmiş prezidentlər sülh razılaşmasına getməməklə, radikal mövqedə qalmaqla Ermənistanın məğlubiyyətinin əsasını qoyublar”.
Onun sözlərinə görə, açılan sənədlər Azərbaycanda da diqqətlə öyrənilir, biz nələr baş verdiyini dəqiqliklə müəyyənləşdirə bilirik: “Bəlli olur ki, Ermənistanın o zamankı rəhbərləri işğalı rəsmiləşdirməyə çalışırmışlar, Azərbaycanla sülh sazişindən söhbət belə getmirmiş. Nikol Paşinyan həmin sənədləri dərc etdirməklə revanşist keçmiş prezident Serj Sərkisyanı Ermənistan xalqının gözündən daha da salmaq, Sərkisyana qarşı xalqda qəzəb, nifrət yaratmaq istəyir. Paşinyan bu niyyətini özü də dolayısı ilə bu yaxınlarda ifadə etmişdi. O demişdi ki, əgər Serj Sərkisyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısaydı və ətraf rayonları Azərbaycana qaytarsaydı, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən yayınmaq olardı. Paşinyan 2018-2019-cu illərdə bunu etməməklə özünün də səhvə yol verdiyini etiraf edib. İndi ermənilər danışıqlarla bağlı sənədlərlə tanış olanda zamanında Serj Sərkisyanın necə böyük səhvlərə yol verdiyini və nəticədə Ermənistanın acı məğlubiyyətinə yol açdığını görürlər. Qarabağ klanı cəmiyyətin gözündən daha da düşəcək. Artıq erməni mediası yazır ki, keçmiş hakimiyyətlərin yanlış mövqeyi üzündən, irəli sürülən həll variantlarından heç birinə razılıq verməməsi səbəbindən Qarabağ məsələsi həll olunmamış qaldı və nəticədə Azərbaycan güc yolu ilə məsələni tamamilə həll etdi, Ermənistan tarixinin ən acı məğlubiyyətini yaşadı”.
Politoloq dedi ki, Paşinyan rəqiblərini çətin vəziyyətə salıb və Ermənistan cəmiyyətində onlara qarşı münasibəti kəskinləşdirib.
Bu arada, Paşinyan hökumət tərəfindən yayımlanan Qarabağ danışıqlarına dair paketlə bağlı fikirlərini bölüşüb. “Danışıqlar paketi yayımlandı, indi isə eyni, köhnəlmiş narrativlər səslənir. Mən bir şeyi deyim: müxalifət danışıqlar prosesi barədə nə deyir-desin, hörmətli dostlar, 30 ildən artıq hakimiyyətdə olmuşdunuz, belə fürsətlər var idisə, niyə həll etmədiniz? Həqiqətən də, müxalifətin dediyi kimi, Ermənistanın maraqlarına uyğun həll imkanı var idisə, niyə etmədiniz?”, – Paşinyan vurğulayıb.
Həmçinin baş nazir 2019-cu il sənədinə toxunaraq qeyd edib: “İndi bizi niyə xəyanətkar adlandırırsınız? Sizdən (Robert Köçəryan və Serj Sərkisyan) böyük satqın yoxdur. Bütün bunlar, sadəcə, manipulyasiya idi. 2018-ci ildə baş nazir olarkən hamının qarşısında məsələ qoydum, dedim ki, mən başa düşmürəm, bu sənədlərdən hansı indiki danışıqlar prosesinin başlanğıc nöqtəsidir, əvvəlki dövrün yekunu hansıdır, hansı sənəd qısa xülasədir? 2019-cu ilin iyun sənədi bu idi, soruşdum ki, əvvəlki dövrün qısa xülasəsi hansıdır? Bunu əvvəlki dövrün danışıqlar xülasəsi kimi təqdim etdilər və bu kontekstdə də mən sual verdim”.
Ermənistanın baş naziri 2019-cu ilin iyununda təqdim edilmiş təklif ətrafında aparılan danışıqlardan da bəhs edib: “Bu kontekstdə sual verdim ki, sizin şərhiniz mənə maraqlıdır, bu paketlə Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi? Çox açıq cavab verildi ki, bəli, əgər Azərbaycan razılaşsa”.
Paşinyan həmçinin əlavə edib ki, artıq Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı debatlara dəvət etmir: “Niyə dəvət edim? Artıq debat üçün heç nə qalmayıb, oxusunlar, danışsınlar, oxusunlar, danışsınlar”.
Paşinyan vurğulayıb ki, o və komandası Ermənistanı tələ və çıxılmaz vəziyyətdən çıxarıb: “Ermənistanı elə bir yerdən çıxarmışıq ki, bütün istiqamətlərdə ölkənin qarşısında perspektiv açılıb. Artıq Ermənistan və erməni xalqı öz suveren iradəsi ilə qərar verə bilər ki, hansı istiqamətdə inkişafın hansı baxışını seçir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

