Leysan xəbərdarlığı – Bakıda “köhnə hamam, köhnə tas…”
Ekspert: “Paytaxtda yol çəkirlər, 3 aydan sonra kanalizasiya idarəsi gəlib deyir ki, buranı qazmalıyam, xətt çəkəcəyəm…”
Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Son günlər Bakıya yağan yağış paytaxtı yenə iflic etdi. Şəhərin bir çox küçə və prospektlərində nəqliyyatın hərəkətində ciddi çətinliklər yarandı, avtomobillər saatlarla tıxacda qaldı. Sakinlər artıq hər yağışdan sonra eyni mənzərəyə şahidlik edir: gölməçəyə çevrilmiş yollar, suya qərq olmuş dayanacaqlar, hərəkəti çətinləşmiş piyadalar və gecikmiş avtobuslar. “Bakıya qar yaraşmır” deyirdilər, indi isə yağışın da paytaxtı bu qədər çətin sınağa çəkdiyi aydın görünür.
Paytaxtın infrastrukturundakı problemlər özünü bir daha açıq şəkildə göstərdi. İllərlə yenilənməyən kollektorlar suların axıdılmasına imkan vermir, bəzi ərazilərdə isə ümumiyyətlə müasir drenaj sistemi mövcud deyil. Şəhərdə tikinti sıxlığı son on ildə ikiqat artdığı halda, mühəndis-kommunikasiya şəbəkələrinin yenilənməsi eyni sürətlə aparılmayıb. Yol səthləri düzgün layihələndirilmədiyi üçün su axını yönləndirilmədən yollarda toplanır və gölməçələr əmələ gəlir. Nəticədə az miqdarda yağıntı düşən kimi paytaxt yenə xaosa qərq olur.
Yağış Bakıda tıxacları daha da ağırlaşdırır. Sürücülər əlavə yanacaq sərf edir, işə gecikmələr olur, taksi qiymətləri kəskin qalxır, ictimai nəqliyyat isə yüklənir. Piyadalar üçün vəziyyət daha da təhlükəlidir – səkilər su ilə dolur, keçidlərdə hərəkət iflic olur, avtomobillərin su sıçratması isə adi hala çevrilir. Yay və yaz aylarında unudulan bu problem payız-qış mövsümü başlayar-başlamaz yenidən gündəmə qayıdır. “Köhnə hamam, köhnə tas…” prinsipi təkrarlanır.
Mütəxəssislər bildirirlər ki, paytaxtın drenaj və yağış sularının axıdılması sistemi yenilənməsə, əsas kollektorlar genişləndirilməsə və yollar layihələndirilərkən suötürücü standartlara əməl edilməsə, problem daim təkrarlanacaq. Şəhər isə hər yağışda yenidən iflic olacaq. Paytaxt sakinləri artıq bu vəziyyətə alışmağa məcbur edilirlər – çünki dəyişən heç nə yoxdur.

Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qurumlar əlaqəli şəkildə işəmirlər və problemlər də bundan yaranır: “Bir qurum yol çəkir, digər qurum həmin yolu sökür. Problemin kökü budur. Yollar çox keyfiyyətsiz salınır. Texniki tələblər və şərtlər var. Aidiyyəti qurumlar yol çəkərkən yeyintiyə daha çox yer verirlər, nəinki yolun keyfiyyətinə baxırlar. Məhəlləarası və qəsəbəarası yollar bir ildən artıq dözmür. Bunun texniki vəziyyətini düzgün dəyərləndirmirlər, bərkitmə işləri aparmırlar. Traktorlar qazırlar, düzləyirlər və üstünə də asfalt töküb çıxıb gedirlər. Yol belə çəkilmir. Müəyyən tələbləri qorumaq şərtilə yol salınır, amma buna əməl etmirlər. Nəticədə hər yağış və qar yağanda biz bu problemlərlə üzləşirik. Ən dəhşətlisi odur ki, buna görə indiyə kimi bir nəfəri tutub cəzalandırmayıblar. Belə olan halda mən ümidimi üzmüşəm, düşünürəm ki, hər dəfə yağış yağanda eyni problemlər yaşanacaq. Gah deyirlər ki, kollektor işləmir, gah da bildirirlər ki, su və kanalizasiya boruları çatdırmır.
Sabiq icra başçısı Hacıbala Abutalıbovun dövründə Bakının bir çox ərazilərində yağış sularının idarə edilməsi sistemi tamamilə məhv edildi. Təsəvvür edin ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqların hamısını söküb satdılar. İndi yağış suları adi magistral yolda toplanıb qalır, heç yana axa bilmir. Bir balaca kanalizasiya borularına axıb tökülür ki, o da bizim qanunvericiliklə qadağandır. Yəni yağış sularının oraya axıdılmasına icazə verilmir. Bəs buna görə niyə məsuliyyət daşıyan yoxdur? Çünki nəzarət mexanizmi ciddi deyil. Hər hansı yol layihəsinə start veriləndə su, kanalizasiya idarəsi birlikdə layihələndirməlidir, işləri keyfiyyətli formada təhvil verib, sonra da çıxıb getməlidirlər. Bakıda yol çəkirlər, 3 aydan sonra kanalizasiya idarəsi gəlib deyir ki, buranı qazmalıyam, xətt çəkəcəyəm. Yolu qazıb bərbad vəziyyətə qoyurlar və gedirlər. Bu vəziyyət 10 il bundan qabaqkından heç nə ilə fərqlənmir. Ciddi dəyişiklik yoxdur. Yenə də yağış yağanda şəhərin çox hissəsi bərbad vəziyyətdə qalır. Deməli, məmurlar daha çox yeyintiyə yol veriblər”.
Ekspert deyir ki, bu il yağış yağarkən tunellərdə problem yaşanmasa da digər yollar su altında qalır: “Bu il “Sabunçu tuneli”ndə, “Bağırov körpüsü”ndə problemlər yaşanmadı. İndi isə Nərimanovda, Binəqədidə və şəhərin mərkəzində gözləmədiyimiz dəhşətli mənzərə ortaya çıxdı. Adamlar səki xəttinin bardurunun üzərində yolu keçməyə çalışırdılar. Ümumiyyətlə, yolun qarşı tərəfinə keçməyə yol tapmırdılar. Su dizə qədər dolmuşdu. Bəs bunlar niyə həllini tapmır? Ağızlarını açan kimi qurumlar deyir ki, pul yoxdur, dövlət gərək pul ayırsın. Halbuki illərdir ki, milyonlar ayrılır, sadəcə olaraq, bu pulları aidiyyəti üzrə düzgün xərcləmirlər, yeyintiyə yol verirlər. Bu, illərlə yığılıb qalmış problemdir, onun həllinə də illər lazımdır”.
E.Muradlı bildirir ki, yollara yığılan yağış suyu sonradan həmin yolların çökməsinə səbəb olur: “Yol çökmələri belə şeylərdən yaranır. Heç kim fikirləşmir ki, bu yağış suyu çökmə yaradacaq. Çünki suyun axmağa yeri olmur və torpağı yumşaldır. Niyə bu, qurumları narahat etmir? Bu çökmələr binalara, yollara öz ciddi təsirini göstərəcək. Belə çökmə zamanı insan ölə bilər. “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümünü yadımıza salaq. An içində yol çökdü və bir insan həyatını itirdi.
Paytaxtda dəmir barmaqlılar yox səviyyəsindədir. Təəssüf ki, dəmir yığanlar yağış barmaqlıqlarını oğurlayırlar. Lakin bu o demək deyil ki, onun yerinə yeni barmaqlıq qoyulmamalıdır. Sadəcə, qaynaq etmək lazımdır ki, dəmir yığanlar onu qopara bilməsin. Çox vaxt barmaqlıq olmadığı üçün üstü açıq qalır. Küçənin zibili, ağacın yarpağı, plastik torbalar – bunların hamısı həmin axıdılma sisteminin içinə dolur. Adam var ki, uşağının pampersini çıxarıb küçəyə atır, onu da yağış suyu gətirib həmin yerə atır. O da gedib haradasa tutulma verir, kiminsə evini su basır, kanalizasiya borusunu qapadır. Belə problemlər var, bizim dərdimiz budur. Barmaqlıq suyun oraya təmiz formada axıdılmasını təmin edir. Yoldakı tullantıların, konserv qutusunun, bizon butulkasının oraya gəlib düşməsinə imkan vermir. Amma barmaqlıq oğurlananda və yerinə yenisi qoyulmayanda, kimin əlinə nə keçirsə, gətirib oraya atır. Bizim məmurlarsa buna ötəri bir şey kimi baxır”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

