Prezident İlham Əliyev: Qətiyyətli liderliyin 64 ili
24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 64 yaşı tamam olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə mühüm siyasi, iqtisadi və sosial inkişaf mərhələlərindən keçib. Dövlət başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin, xalq–ordu–dövlət birliyinin parlaq təcəssümü kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu möhtəşəm Qələbə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin edib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gələcəyə hesablanmış inkişaf siyasətinin bariz nümunəsidir.
64 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali və məsuliyyətli dövlətçilik fəaliyyətində davamlı uğurlar arzulayırıq. Onun rəhbərliyi ilə doğma Azərbaycanın daim sülh, əmin-amanlıq, rifah və yeni-yeni zəfərlərə doğru inamla irəliləməsini diləyirik.
Qeyd edim ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkənin parlaq gələcəyinə böyük inamla addımlayır.
Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
Vüsal Bayramov

