Tovuzda küçədə yatan ana və oğlu xəstəxanaya yerləşdirildilər
Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.
Musavat.com xəbər verir ki, komitədən bildirilib ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərfindən 11 yaşlı uşaq rayon xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.
“Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir”- deyə komitənin məlumatında qeyd edilir.

