Mal-qara bazarları açılır, ətin qiyməti niyə UCUZLAŞMIR?
Azərbaycanda bir müddət əvvəl mal-qara bazarlarının bağlanması ət bazarında ciddi qiymət artımına səbəb olmuşdu.
Bazarlar bağlanmazdan əvvəl mal əti pərakəndə satışda 16-16,50 manat arasında təklif olunurdu. Lakin heyvan bazarlarının fəaliyyətinin dayandırılmasından sonra qiymətlər 17,50 manata qədər yüksəldi. Hazırda da bazarda eyni qiymət qorunub saxlanılır.
Daha baha olan quzu əti isə hazırda 20 manata satılır ki, bu da bir çox ailənin gündəlik alış-verişini çətinləşdirir.
Maraqlıdır ki, yerli ətin baha qalmasına baxmayaraq, bazarda xaricdən idxal olunan ətlər daha ucuz qiymətə təklif olunur. Belə ki, bəzi satış nöqtələrində idxal ətlərinin 12-14 manat aralığında satıldığı müşahidə edilir. Bu isə alıcıları seçim qarşısında qoyur: bahalı yerli ət, yoxsa daha ucuz idxal məhsulu.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Baku.ws-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur:
“Ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır”.

