Müəllimə atılan güllə – “İdrak” liseyindəki hadisənin gizlinləri
Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən özəl “İdrak” liseyində baş verən silahlı insident cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Belə ki, liseyin 10-cu sinif şagirdi müəllimi – Şəhla Fəqani qızı Kamilovanı ov tüfəngi ilə güllələyib.
Müəllimə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib, həkimlərin verdiyi məlumata görə, vəziyyəti kritik olaraq qalır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Liseyin direktoru Mönsüm Alışov bildirib ki, atəş ov tüfəngi ilə açılıb və silah şagirdin atasına məxsus olub.

Hadisə yerində gərgin anlar
Musavat.com-un əməkdaşı olaraq hadisənin baş verdiyi ünvanda olduq. Liseyin qarşısında toplaşan valideynlər dərin təşviş içində idi. Onların yeganə istəyi övladlarını dərhal məktəbdən götürərək təhlükəsiz yerə aparmaq idi.
Valideynlərlə söhbət zamanı bəzi detallar üzə çıxdı. Bildirildi ki, hadisə sinif otaqlarından birində, ilk dərs zamanı baş verib. Şagird dərs başlayan kimi müəllimə atəş açıb. Daha sonra isə 11-ci sinif şagirdləri tərəfindən zərərsizləşdirilib.
Şagirdlə müəllimə arasında hadisəyə qədər hər hansı münaqişənin olub-olmaması hələlik məlum deyil.
Silah məktəbə necə gətirildi?
Hadisənin ən narahatedici məqamlarından biri isə şagirdin ov tüfəngini liseyə rahatlıqla keçirə bilməsidir.
Bəs məktəbdə giriş-çıxışa nəzarət necə həyata keçirilir?
Valideynlərin sözlərinə görə, mühafizə xidməti illərdir burada oxuyan şagirdləri tanıdığı üçün hər gün ciddi yoxlama aparılmır. Məhz bu nəzarətsizlik 10-cu sinif şagirdinə silahı maneəsiz şəkildə təhsil müəssisəsinə gətirməyə imkan verib.
Hazırda liseydə giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, başvermə səbəbləri və şəraiti araşdırılır.
Bahalı təhsil, amma təhlükəsiz mühit yoxdur?
Qeyd edək ki, “İdrak” liseyi özəl təhsil müəssisəsidir və burada təhsil alan şagirdlərin valideynləri illik 10 min manatdan 16 min 500 manata qədər ödəniş edirlər. Valideynlər bu məbləği övladlarının həm keyfiyyətli təhsil, həm də təhlükəsiz mühitdə oxuması üçün ödəyirlər. Lakin bugünkü hadisə bu gözləntilərin nə qədər doğrulduğu sualını gündəmə gətirir.
Bu ilk hadisə deyil…
Təəssüf ki, azyaşlılar və yeniyetmələrlə bağlı zorakılıq halları son günlər artmaqdadır. Bir neçə gün öncə Ağcabədi rayonunun Aşağı Avşar kəndində 12 yaşlı oğlanın 7 yaşlı uşağı bıçaqlaması xəbəri medianın gündəmini zəbt etmişdi.
Bu gün isə Sumqayıt şəhərində yerləşən 33 və 11 nömrəli məktəblərdə də insidentlər qeydə alınıb. Belə ki, 33 nömrəli məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb. 11 nömrəli məktəbdə isə 2014-cü il təvəllüdlü K.M. dərs zamanı sinif yoldaşı ilə mübahisə edərkən yıxılaraq başından xəsarət alıb.

Uşaqlarımızı kim idarə edir?
Ortaya ciddi sual çıxır: uşaqlarımızı bizmi tərbiyə edirik, yoxsa sosial şəbəkələr və aqressiyanı təşviq edən oyunlarmı?
Azyaşlılar günlərinin böyük hissəsini sosial şəbəkələrdə, “Roblox”, “PUBG” kimi kütləvi onlayn oyunlarda keçirirlər. Mütəxəssislər bildirirlər ki, bu oyunlar uzunmüddətli istifadə zamanı əsəb gərginliyi, səbirsizlik və davranış pozuntularına yol aça bilər. Valideyn nəzarətsizliyi isə problemi daha da dərinləşdirir.
Psixoloq Günel İsmayıllı Musavat.com-a açıqlamasında bildirib ki, cəmiyyətdə uşaqların tərbiyəsi ilə bağlı ciddi boşluqlar mövcuddur:
“Beyin 10 yaşına qədər neqativ informasiyanı toplayır, sonradan isə bunu böhran və aqressiya şəklində üzə çıxarır. Sosial şəbəkələr və neqativ yüklü oyunlar bu prosesi daha da sürətləndirir. Əgər ailə davranış sərhədləri haqqında məlumatlı deyilsə, uşağa da sərhəd qoya bilməz. Sərhəd qoymaq qəddarlıq deyil. Məsələn, bəzi valideynlər uşağın telefonunda müəyyən tətbiqləri qadağan edir, texniki məhdudiyyətlər qoydurur. Bizdə isə uşaqlar sosial şəbəkələrdə tam sərbəstdir. Beyin bu qədər informasiyanı filtrdən keçirə bilmir və nəticədə bu, davranış pozuntularına səbəb olur. Müəllimlər də yeni texnologiyalar qarşısında aciz qalırlar. Artıq əsas məsələ uşaqlara texnologiyadan necə düzgün istifadə etməyi öyrətməkdir ki, nə özlərinə, nə də başqalarına zərər vurmasınlar”.
Şahanə Rəhimli
Musavat.com

