İran rejimi Naxçıvanı vurmaqla maskasını birdəfəlik atdı-Bakı heç bir güzəşt etməyəcək
Cənub qonşumuz İran növbəti dəfə nankorluğun və düşmənçiliyin ən alçaq formasını nümayiş etdirdi.
Naxçıvan aeroportuna endirilən dron zərbələri təkcə hərbi təxribat deyil, həm də Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş açıq təhqirdir.
Özünü “müsəlman həmrəyliyinin müdafiəçisi” kimi təqdim edən bu rejim, əslində, regionda sabitliyi pozan, qonşularına qarşı gizli və açıq düşmənçilik aparan riyakar siyasətin daşıyıcısı olduğunu bir daha sübut etdi.
Azərbaycan illərdir İrana qarşı ən çətin anlarda belə düşmənçilik dili işlətməyib, əksinə, humanist və təmkinli mövqe nümayiş etdirib. Lakin Tehran hakimiyyəti bu münasibətə minnətdarlıqla deyil, nankor və alçaq davranışla cavab verdi.
Naxçıvanın hədəfə alınması artıq sadəcə siyasi mesaj deyil. Bu, Azərbaycan dövlətinin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş açıq təcavüz aktıdır. Molla rejimi anlamalıdır ki, Azərbaycan səbirli dövlət olsa da, öz torpağına və xalqına qarşı edilən belə alçaq hücumları heç vaxt cavabsız qoyacaq ölkə deyil.
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a dedi ki, İranın Azərbaycan istiqamətində hər hansı hərbi müdaxiləsi təkcə iki dövlət arasında münasibətlərə deyil, bütövlükdə regionun təhlükəsizliyinə zərbədir:
“Azərbaycan heç vaxt öz ərazisinin başqa ölkələrə qarşı istifadə olunmasına imkan verməyib və bu mövqeyini açıq şəkildə bəyan edib. Buna baxmayaraq, dövlətimizin suverenliyinə yönələn hər hansı təhdid qəbuledilməzdir və belə bir addım qarşısında qəti və adekvat cavab vermək bizim suveren hüququmuzdur. Region artıq kifayət qədər gərginlik yaşayır. Belə bir vaxtda İran hakimiyyətində olan nankor molla rejiminin məsuliyyətsiz addımları vəziyyəti sabitləşdirmək əvəzinə yeni qarşıdurma ocaqları yaratmağa xidmət edir. Tarix və coğrafiya bizi qonşu edib, lakin qonşuluq münasibətləri təhdid dili ilə deyil, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri üzərində qurulmalıdır. Azərbaycan sülh tərəfdarıdır, lakin heç kim bunu zəiflik kimi qəbul etməməlidir. Azərbaycanın təhlükəsizliyi və suverenliyi məsələsində heç bir təzyiq, təhdid və avantüraya güzəşt olmayacaq. Bunu qonşumuz da anlamalı və buna uyğun davranmalıdır”.
Cavanşir ABBASLI
Musavat.com

