Gündəm 

Süni intellekt yeni risklər yaradır – DİN xəbərdarlığı

“2025-ci il ərzində ölkə üzrə informasiya texnologiyalarından istifadə etməklə törədilmiş 1799 cinayət faktı qeydə alınmışdır və bu cinayətlərin əhəmiyyətli hissəsini onlayn oğurluq və dələduzluq halları təşkil etmişdir”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin dövrdə 632 kiber-oğurluq, 352 kiber-dələduzluq faktları ilə bağlı müvafiq cinayət işləri başlanmışdır:

“Elektron ticarət sahəsində törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar müxtəlif kiber-dələduzluq üsullarından istifadə edirlər. Müəyyən edilmişdir ki, bu üsullar arasında ən geniş yayılmış olanlar saxta elektron ticarət saytlarının, saxta investisiya platformalarının, maliyyə-piramida sxemlərinin yaradılması, fişinq və digər oxşar aldatma metodlarıdır. Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edərək, müxtəlif yalan və saxta təkliflərlə onları aldadaraq pul vəsaitlərini ələ keçirirlər”.

Nəzərə çatdırıb ki, cinayətkarlar zərərçəkənləri aldatmaq üçün istifadə etdikləri texnoloji vasitələri və proqram təminatlarını mütəmadi olaraq təkmilləşdirir və mövcud texnoloji imkanlara uyğunlaşdırırlar:

“Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər doğurmuşdur. Artıq bəzi hallarda süni intellekt vasitəsilə saxta videoların hazırlanması və hətta insanların səsini klonlaşdırılması kimi üsullardan istifadə etməklə şəxslərin aldadılması faktları müşahidə olunur”.

Həmçinin bildirib ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin izlənilməsi daha mürəkkəb proses olan virtual aktivlərə çevrilərək leqallaşması həyata keçirilir:

“Təcrübə göstərir ki, bu xarakterli cinayətlərin açılması və təqsirli şəxslərin müəyyən edilməsi prosesini mürəkkəbləşdirən bir sıra obyektiv amillər vardır”.

Daha çox xəbərlər