Cəmiyyət 

Horovlu, Məmmədbəyli və Ağalı kəndində Novruz festivalı keçirildi – VİDEO, FOTOLAR

Cəbrayıl rayonunun yenidən qurulan Horovlu kəndində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib.

Musavat.com bildirir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub.

Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb.

Festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub.

Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

Sakinlər Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara hədiyyələr təqdim olunub.

Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass olduqca maraqla qarşılanıb. Horovlu kənd parkında təşkil edilən festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.

Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.

Həmçinin Zəngilan rayonunun Ağalı və yenidən qurulan Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib. Festival çərçivəsində kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən olan fermerlər üçün satış, investorlar üçün tanışlıq imkanı yaradılıb.

Ağalı kənd parkında hər iki kəndin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin incəsənət xadimlərinin ifasında bədii-əyləncəli proqram təşkil olunub. Uşaqlar üçün xüsusi zonada interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

Tədbirin qonaqları sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitkisi sayılan çirişotu kətəsinin dadına baxıblar. Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digər folklor nümayəndələrinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.

Musavat.com

Daha çox xəbərlər