Qarabağ Peşə Hazırlığı Mərkəzində 1650 nəfər hazırlıq kurslarına cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən ötən dövrdə ümumilikdə 1650 şəxs peşə hazırlığı kurslarına cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 600-ə yaxını işğaldan azad olunmuş ərazilərin sakinləridir.
2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan müəssisə Bərdə şəhərində yerləşir. Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Burada 48 peşə istiqaməti (dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s.) üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.
Hazırda Mərkəzdə 70-dək şəxsin peşə tədrisi davam edir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir.

